Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı və Naxçıvan Gənc Müəllimlər Assosiasiyası üzvlərinin iştirakı ilə 16-17 noyabr 2021-ci il tarixdə Ağbulaq İstirahət Mərkəzində “Gənc müəllimlərin birlik düşərgəsi” təşkil olunmuşdur.
Düşərgənin açılış tədbirində Təhsil Nazirliyi Aparatının Sektor müdiri Murad Babayev bildirmişdir ki, muxtar respublikada müəllim əməyinə yüksək dövlət qayğısı göstərilir, gənc müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə gənc müəllimlər üçün təşkil olunan düşərgənin əsas məqsədi də gənc müəllimlər arasında əməkdaşlığın inkişafı və gələcək fəaliyyətlərin istiqamətləndirliməsi, vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
Qeyd olunmuşdur ki, gənc müəllimlərin düşərgədə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradılıb. Gənc müəllimlərin birlik düşərgəsi”nin təşkil olunması istedadlı və bacarıqlı gənc müəllimlərin peşəkar və fərdi imkanları üçün əlverişli şəraitin yaradılmasında mühüm rol oynayacaqdır.
Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova təşkil olunan düşərgə ilə bağlı bildirmişdir ki, burada gənc müəllimlər müxtəlif mövzularda 6 təlimə qoşulacaq və diskussiyalar təşkil olunacaqdır. Gənc müəllimlər intellektual oyunlarda iştirak edəcək, asudə vaxtlarını səmərəli keçirəcəklər. Təlimlərin yüksək səviyyədə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun 2 təlimçisi Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin şöbə müdiri Elxan Nəcəfov və Azərbaycan Respublikası Təhsil İnstitutunun təlimçi-metodisti, Bakı şəhər 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Rüstəmova düşərgəyə dəvət olunmuşdur.
“Gənc müəllimlərin birlik düşərgəsi”nin birinci günündə “İnnovativ müəllim necə olmalıdır” adlı təlim, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova tərəfindən, “Müsair qiymətləndirmə metod və üsulları” adlı təlim Azərbaycan Respublikası Təhsil İnstitutunun təlimçi-metodisti, Bakı şəhər 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Rüstəmova tərəfindən və “STEAM nədir?” adlı təlim Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Fuad Babayev tərəfindən keçirilmiş, “Nə, Harada, Nə zaman” intellektual oyunu, film nümayişi və müxtəlif idman yarışları təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti