2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin növbəti müzakirəsi noyabrın 17-də Kəngərli rayonunda keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Kəngərli rayonunda 12 təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilərək istifadəyə verilib. Rayon ərazisində yerləşən ümumtəhsil məktəblərində şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov vurğulayıb ki, uğurlu təhsil siyasətinin nəticəsidir ki, tədris prosesində Kəngərli rayonunun da məktəbliləri ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. 2020-2021-ci tədris ilində rayonun məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticə göstərirlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmişdir.
Qeyd olunub ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Kəngərli rayonunda da yerləşən təhsil müəssisələrinin infrastrukturu yenilənib, təhsil müəssisələrinin maddi-tədris bazası gücləndirilmişdir. Rayonda yerləşən məktəblər 400 kompüter və 41 elektron lövhə ilə təmin edilmiş, 2 məktəbdə STEAM kabinəsi yaradılmışdır.
Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 169 məzunu olmuşdur. Onlardan 113-ü ali təhsil müəssisəsinə, 24-ü orta ixtisas təhsili müəssisəsinə olmaqla, ümumilikdə 137-si və ya məzunların 81,1 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir.
İmtahanda iştirak edənlərdən 78-i ali təhsil, 5-i ali hərbi və xüsusi təyinatlı məktəbə, 29-u orta ixtisas təhsili müəssisəsinə olmaqla, ümumilikdə 112-si və ya 81,8 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur.
Kəngərli Rayon Təhsil Şöbəsinin əhatə etdiyi məktəblərin məzunlarından 15-i imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Onlardan 2-si gümüş nişana, 1-i isə fərqlənmə attestatına layiq görülmüşdür.
Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi məktəblərin dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib. Təhsil naziri Kəngərli rayonunun 2020-2021-ci tədris ili üzrə qəbul nəticələrinin muxtar respublika orta göstəricisindən yüksək olduğunu bildirmişdir. Çalxanqala kənd tam orta məktəbi 88 faiz, Şahtaxtı kənd tam orta məktəbi 87 faiz, Yurdçu kənd tam orta məktəbi 86 faiz, Böyükdüz kənd tam orta məktəbi isə 80 faiz qəbul vermiş, rayon üzrə ən yaxşı nəticə göstərən məktəblər olmuşdur. 2020-2021-ci tədris ili üzrə Qıvraq qəsəbə, Təzəkənd və Xıncab kənd tam orta məktəbləri isə rayon üzrə zəif nəticə göstərən məktəblər olmuşdur.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında məzunlarından 80 faizdən yuxarı ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuş Şahtaxtı, Çalxanqala, Böyükdüz və Yurdçu məktəblərinə diplomlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti