Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli ilə Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir.
Babək şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən görüşü giriş sözü ilə Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva açaraq qeyd edib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır. Bildirilib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlərhər bir şagirdin elmə olan marağının artmasına şərait yaradır, onların inkişafında, əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli şagirdlərlə görüşdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu, Vətənə misilsiz xidməti, xüsusilə də Azərbaycanın qədim diyarı olan Naxçıvana bağlılığı haqqında geniş məlumat vermişdir.
Alim qeyd etmişdir ki, xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var.
Alim ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri barədə şagirdlərə məlumat verərkən bildirmişdir ki, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə yönəltmişdi. Respublikaya rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi. Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Qürur duyduğumuz ən vacib məqam budur ki, ulu öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyini etibarlı əllərə əmanət etmişdir.
Fəxrəddin Səfərli ümummilli liderin həyat və fəaliyyətində Naxçıvanın özünəməxsus yeri olduğunu qeyd edərək bildirmişdir ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Həmin vaxtda Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağır vəziyyətdə olması Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi, həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, dövlətçilik eləcə də, milli quruculuq siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir.
Böyük maraqla qarşılanan görüşdə şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıblar.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin şagirdlərinin alim və ziyalılarla görüşü Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq digər rayonlarda da keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti