Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamının icrası istiqamətində görülən işlərin davamı olaraq noyabrın 25-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən növbəti interaktiv dərs təşkil olunub.
Təhsil Nazirliyinin təlimçisi Elmin Əsgərov tərəfindən “Microbit modulu. Kodlaşdırma” mövzusunda keçirilən interaktiv dərsdə şagirdlərə Microbit qurğusu, onun funksiyaları və kodlaşdırılması, eləcə də Microbit vasitəsi ilə hazırlanması mümkün olan layihələr barədə geniş məlumat verilib.
Əldə olunan bilikləri möhkəmləndirmək məqsədi ilə dərsdə proqramı yazmaq üçün iş sahəsi, mikrobit proyektinin yüklənməsi və simulator proqramının mikrobit üzərində çalışması şagirdlərə praktik öyrədilib.
İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti