Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 29-30 noyabr tarixlərində iki mərhələdə Mental aritmetika müsabiqəsi keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə 6-9 və 10-14 yaş olmaqla, ümumilikdə 160 şagird iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.
Müsabiqədə Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev çıxış edərək bildirib ki, məktəbdənkənar təhsil müəssisələrində yaradılan mental aritmetika dərnəyi şagirdlərin zehni bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayır. Mental aritmetika dərnəyinin proqramı 6-14 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş, uşaq beyninin hərtərəfli inkişafına yönəlmişdir. Şagirdlər bu dərnəkdə iştirak edərək, onlarda güclü yaddaş və müşahidə bacarıqları, diqqət və zəngin təxəyyül qazanırlar. Bu kimi müsabiqələrdə şagirdlər maraqla iştirak edir, biliklərini sınayırlar. Müsabiqədə kağız, qələm, kompüter və ya kalkulyator kimi hesab vasitələrindən istifadə etmədən yalnız beyn vasitəsi ilə verilən sualları sürətli şifahi hesablayaraq qısa müddətdə cavablandırırlar. Müsabiqədə əsasən ən fəal şagirdlər seçilir, onların gələcəkdə ölkə və beynəlxalq səviyyəli zehni hesablama yarışlarında iştirakı etməkləri nəzərdə tutulur.
Müsabiqənin qaydaları haqqında Mental Aritmetika üzrə təlimçi müəllim müsabiqənin əvvəlində iştirakçılar şərtlərlə tanış edilib. Sualları cavablandırması üçün hər bir şagirdin qarşısında abaküs, cavab vərəqəsi və qələm qoyulub. İştirakçılara seçimdə 15-i anzan, 5-i abaküs, final turunda 15-i Anzan proqramında olmaqla ümumi olaraq 35 sual təqdim olunub. Müsabiqənin sualları Flash Anzan və digər proqramlar ilə elektron lövhədə səsli musiqi, melodiya və abaküs hesablama aləti ilə praktiki təqdim olunub. Suallar elektron lövhədə tək və cüt rəqəmli zehni toplama və çıxma əməllərini ən azı 3, ən çoxu 10 say ilə yerinə yetirilib. Flash Anzan proqramında suallar yavaş, orta və yüksək keçid sürəti ilə təqdim olunub. Sualları şagirdlər abaküsdə iki əl ilə say və vahidlərdən istifadə edərək, riyazi əməliyyatlar apararaq cavablandırıblar Sualların cavablandırılmasına vaxt təyin olunub. Düzgün cavablar 3, 5, 10 bal sistemi ilə qiymətləndirilib. Hər iki yaş kateqoriyası ən yüksək xal toplayan iştirakçı şagirdlər muxtar respublika birincisi olub.
Yekun nəticələrə görə, 6-9 yaş kateqoriyası üzrə Şərur şəhəri 2 nömrəli tam orta məktəbin ikinci sinif şagirdi Hacıyeva Fatimə I, Culfa şəhər 3 nömrəli tam orta məktəbin ikinci sinif şagirdi Həşimli Dəniz II, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Əlizadə Aygül III, 10-14 yaş kateqoriyası üzrə isə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Nəsrin Kərimova I, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin 8ci sinif şagirdi Seyidov Mirməhmməd II, Şərur rayon Qarxun kənd tam orta məktəbin 5ci sinif şagirdi İsmayılov Aysun isə III yerin qalibi olub.
Müsabiqənin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti