Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Layihə təkliflərinin hazırlanması və idarəolunması” mövzusunda təlim təşkil olunub.
Layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı keçirilən təlimdə Təhsil Şöbəsinin əməkdaşları və müəllimlər iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd müəllimlər arasında sağlam rəqabət mühitini formalaşdırmaq, ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin hər il Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, onlara layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr vermək, yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şərait yaratmaqdan ibarət olub.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva bildirib ki, zamanın sürətlə dəyişən dəyərlər müstəvisində müəllimlik peşəsinin müasir pedaqoji meyarlara uyğunlaşması qaçılmazdır. Qeyd edib ki, fəal, yaradıcı müəllim həyata keçirilməkdə olan təhsil konsepsiyasının mahiyyətini anlamalı, müasir dərsə verilən tələbləri, onun strukturunu dərindən mənimsəməli və təlim texnologiyalarına yüksək səviyyədə yiyələnməlidir. Bunun üçün isə o, daim öz üzərində işləməli, nəzəri-metodik hazırlığını təkmilləşdirməli və beləliklə, səriştəli mütəxəssis kimi fəaliyyət göstərməlidir. Müəllim gözlənilən təlim nəticələrini qabaqcadan müəyyənləşdirməklə ən optimal təlim üsullarını tətbiq etmək bacarığına yiyələnməlidir. Bu isə müəllimdən müasir elmi-metodik ədəbiyyatı gündəlik izləməyi, yeni ideyalarla potensial imkanlarını artırmağı tələb edir. Müəllim şagirdlərini fəallaşdırmaq, təlim prosesinə yaradıcı qoşmaq istəyirsə, ilk növbədə, özü yaradıcı olmalıdır. Yaradıcılıq isə daimi mütaliə, düşünmə üzərində qurulur. O həmçinin bu cür təlimlərin müəllimlərin məlumat bazasının möhkəmləndirilməsi, elmi-tədqiqat işlərinə marağın artırılmasında mühüm rol oynayacağını bildirib.
Sonra Təhsil Şöbəsinin metodiki kabinet müdiri Həsən Tağıyev çıxış edərək bildirib ki, əsl yaradıcı müəllim qazandığı nailiyyətlərlə kifayətlənməməli, təlim prosesinə yeniliklər gətirmək həvəsi ilə çalışmalıdır. Buna görə də gündəlik mütaliə müəllim peşəkarlığının enerji mənbəyi kimi dəyərləndirilə bilər. O çıxışında müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rol oynadığı vurğulayıb.
Təhsil Şöbəsinin metodisti Aygül Məmmədova isə mövzu ilə bağlı slayd vasitəsilə təlim materialları nümayiş etdirərək layihələrin hazırlanma qaydası haqqında ətraflı məlumat verib.
Təlim zamanı layihələrin yazılması, idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə danışılıb. Həmçinin, müsabiqədə iştirak etmək üçün qeydiyyat, tələb olunan sənədlər və digər məsələlər ilə bağlı yaranmış suallar cavablandırılıb, layihələrin yazılması istiqamətində fikir mübadiləsi aparılıb.
Təlimin sonunda ötən tədris ilində “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, perspektivlər - 2021” mövzusunda keçirilən respublika elmi-praktik konfransında müxtəlif mövzularla çıxış edərək ümumtəhsil məktəblərinin müəllimləri arasında fəallıq göstərən müəllimlərə təşəkkürnamələr təqdim olunub.