Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixi nailiyyətidir” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan şəhər 1, 2, 3 və 17 nömrəli tam orta məktəblər üzrə ümumilikdə 20 şagird iştirak edib.
Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi Novruzov Feyruz keçdiyi açıq dərsdə bildirib ki, dünyada mövcud olan minlərlə millət və xalqın heç də hamısı müstəqil dövlət yarada bilməyib. Belə bir imkan və xoşbəxtlik hər milli topluma qismət olmur.
Bunun üçün onun dövlət yaratmaq ənənəsinin, müəyyən inkişaf səviyyəsinin və fəaliyyət istiqamətinin olması zəruridir. Millətin dövlət yaratması nə qədər çətindirsə, onu qoruyub saxlaması bundan da ağır və məsuliyyətli bir mübarizədir. 1991-ci ildə Sovetlər İttifaqına daxil olan bir neçə respublikada, o cümlədən Azərbaycanda müstəqilliyə qovuşmaq uğrunda mübarizə qarşısıalınmaz həddə çatdı. Həmin il avqust ayının 30-da keçirilən Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə yanaşı, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Yalnız bundan sonra “1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır” - deyən ulu öndərin qiymətləndirdiyi Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə qazanmağa başladı. Ölkə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoydu. Məhz Heydər Əliyev Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.
Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilib.