“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsilə cəlb olunması, onların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülmüşdür. Tədbirlərin davamı olaraq ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması məqsədi ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “3 dekabr- Beynəlxalq Əlillər Günü” ilə bağlı Bijuteriya üzrə dekabrın 4-dən 14-dək 10 günlük kurs təşkil olunub.
Təşkil olunan Bijuteriya kursuna marağı olan sağlamlıq imkanı məhdud 12 qız uşağı cəlb edilib. Kurs müddətində iştirakçılara bijuteriya sənətində müxtəlif növ ip, parça, muncuq, pilək və digər bədii materiallardan istifadə etməklə, boyunbağı, bilərzik, sırğa, kəmər və başqa bəzək əşyalarının hazırlanmasının bədii texnikası öyrədiləcək. Kurs Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bijuteriya dərnəyinin rəhbəri Fərəcova Röya tərəfindən aparılacaq.
Kursun sonunda iştirakçılar Bijuteriya sənəti haqqında məlumatlanacaq, bu sənətin sirlərini, işlənmə üslubunu öyrənəcək və ən əsası sərbəst qaydada yaradıcılıq qabiliyyətlərini inkişaf etdirə biləcəklər.
Bununla yanaşı, Dövlət proqramının icrası istiqamətində hazırda təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar müxtəlif profilli dərnəklərə cəlb olunub və onların istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması daim diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti