Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “3 dekabr-Beynəlxalq Əlillər Günü” ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi keçirilmiş və innovativ dərnəklərə ekskursiyası təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova qeyd etmişdir ki, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, bir fərd olaraq həmyaşıdları ilə bərabər imkanlara malik olması, müstəqil yaşam vərdişlərinə yiyələnməsi, fiziki və əqli inkişaf səviyyəsinə uyğun olaraq təhsil alması onların inkişafını şərtləndirən əsas amillərdən biridir. Muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından kənarda qalmamasına və yüksək səviyyədə təhsil almasına, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətə inteqrasiyasına həssaslıqla yanaşılır.
Heyran Əhmədova muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların intellektual və mənəvi inkişafı, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakının təmin edilməsinə yönələn tədbirlərin keçirildiyini, uşaqların məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimləri ilə təmin olunduğunu, ümumtəhsil müəssisələrinə və məktəbdənkənar müəssisələrdə yaradılmış innovativ dərnəklərə cəlb olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, asudə vaxtlarının səmərəli təşkili üçün oxunması zəruri olan kitabların müzakirəsi, rəsm, bədii qiraət müsabiqələri, bilik yarışları, gəzintilər, əyləncəli oyunların keçirilməsi və müsabiqələrdə iştirak edən uşaqların müxtəlif diplom və həvəsləndirici hədiyyələrlə mükafatlandırılması bu kateqoriyadan olan uşaqlar üçün müstəsna əhəmiyyət daşıyır, idrak fəaliyyəti, nitq, davranış və şəxsiyyət problemlərinin aradan qaldırılmasında mühüm rol oynayır.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ceyran Alməmmədova muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində yaradılan şəraitdən səmərəli istifadə olunması, şagirdlərin asudə vaxtlarının təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması və hərtərəfli yetişdirilməsi istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışmışlar.
Sərgidə 34 sağlamlıq imkanları məhdud uşağın hazırladığı 120 əl işi nümayiş olunmuş və iştirakçılar diplomlarla mükafatlandırılmışlar. Sərgidən sonra uşaqların innovativ dərnəklərə ekskursiyası təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti