Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Yaradılan şərait yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün geniş imkanlar açıb. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində mühüm rol oynayır. Muxtar respublika fənn olimpiadaları şagirdlərin respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər (rayon) mərhələsində 534 şagird öz biliyini sınayıb, onlardan 182-si yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən noyabrın 19-da keçirilən olimpiadanın muxtar respublika mərhələsində ümumilikdə 47 şagird qalib olub. Onlardan 12-si I, 17-si II və 18-i III yerləri tutublar.
Təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.
Tədbirdə Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov çıxış edərək olimpiadanın keçirilməsinin əhəmiyyəti və təşkilati işlər barədə məlumat vermişdir. Olimpiadada Coğrayiya fənni üzrə I yerin qalibi, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fidan Muxtarova çıxış edərək onların yaxşı təhsil alması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığını bildirmişdir.
Sonda qaliblərə diplomlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti