Babək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Göynük kənd tam orta və Araz kənd ümumi orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Sirab kənd tam orta məktəbində quruculuq işləri aparılır.
Rasim Hüseynov qeyd etmişdir ki, hər il yeni inşa edilmiş məktəblərin istifadəyə verilməsi, onların müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunması, pedaqoji heyətin əməyinin qiymətləndirilməsi muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bütün bunlar isə ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil alması, eləcə də yeni təlim metodlarının tətbiqi üçün müasir təhsil şəraiti yaradılır. Yaradılan şərait təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.
Nazir qeyd etmişdir ki, ümumtəhsil məktəblərində mövcud imkanlardan yararlanan müəllim və şagirdlər tədris prosesində ən qabaqcıl texnologiyalardan istifadə edir. Bu da şagirdlərin yüksək təhsil almasına, istedad və bacarıqlarının aşkar edilməsinə, xüsusilə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərməsinə öz töhfəsini verir.
Təhsil naziri vurğulamışdır ki, Babək Rayon Təhsil Şöbəsinin tabeliyində 34 tam orta, 2 ümumi orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 652 sinifdə 9630 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 1291 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 833 kompüter və 103 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 90 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 120 minə yaxın dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, istilik sistemi quraşdırılmış, 4 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda da 14 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 95 gənc kadr müəllim kimi fəaliyyətə başlamışdır. 22 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 505 məzunundan 483-ü və ya məzunların 95,6 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 288-i ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 44 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i qızıl, 2-si gümüş nişana, 7-si isə fərqlənmə attestatına layiq görülmüşdür.
Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi məktəblərin dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib. Bildirilib ki, rayonun 3 məktəbinin məzunlarının hamısı, 5 məktəbinin isə məzunlarının 75 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Təhsil naziri nəticəsi yaxşı olan məktəblərin kollektivlərinə təşəkkür etmiş, nəticəsi zəif olan məktəb direktorlarına fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 8 məktəbə diplomlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti