Dekabrın 10-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçirilib.
Ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi məqsədilə keçirilən interaktiv dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Vurğulanıb ki, müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılıb.
Qeyd olunub ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli lideri ilə fəxr edir, qürur duyur, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub”, - deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
Naçıvan Müxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti