Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dekabrın 13-dən ümumtəhsil məktəblərinin STEAM müəllimləri üçün Beynəlxalq təlimlərə start verilib.
Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı Sərəncama uyğun olaraq keçiriləcək “STEAM təhsil festivalı”na hazırlıq məqsədilə işlər görülür.
Murad Babayev qeyd edib ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 175-i bu Mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla 325 müəllim təlimlərdən yararlanıb.
Görülən işlərin davamı olaraq, dekabrın 13-dən muxtar respublikanın STEAM müəllimləri üçün Beynəlxalq təlimlərə start verilib. Təlimlər Türkiyə Respublikasından dəvət olunan “Robotistan Elektronik Şirkəti”nin layihə koordinatoru Yasin Taşcıoğlu və Proqram təminatçısı Tulin Yeşil tepe tərəfindən keçirilir.
Sonra təlimçilər çıxış edərək bildirib ki, STEAM təhsil layihələrinin reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən təlimdə müəllimlərə arduino və microbit vasitəsilə layihələrin hazırlanması, proqramlaşdırma dillərinin yazılması, müxtəlif modellərin mühəndis-dizayn həllərinin 3D proqramlarda prototipinin yaradılması, robot modellərinin qurulması və kodlaşdırılması, müxtəlif robot yarışlarına hazırlıq mərhələlərindəki proseslər öyrədiləcəkdir. Həmçinin dünya robot olimpiyadalarından qazanılan təcrübələr, həmin yarışlarda iştirak üçün hazırlanacaq layihələr haqqında STEAM müəllimlərinə məlumat veriləcəkdir.
Sonra təlimin ilk gününə start verildi. 2 təlimçi tərəfindən müxtəlif modellərin proto tipinin yaradılması mövzusu əsasında STEAM müəllimlərinə 3D proqramlaşma öyrədildi.
Qeyd edək ki, dekabrın 20-dək davam edən təlimlərdə muxtar respublikanın şəhər və rayonları üzrə ümumtəhsil məktəblərindən 20 müəllim iştirak edir.Bu təlimlərin əsas məqsədi həmin müəllimləri STEAM üzrə təlimçi olaraq formalaşdırmaqdır. Təlimin sonunda təlimdə iştirak edən müəllimlərə təlimçi sertifikatı veriləcəkdir.
Bundan sonrada, STEAM dərslərini tədris edən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Beynəlxalq təlimlərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti