Culfa rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd etmişdir ki, dövlət qayğısı nəticəsində Culfa rayonunda yerləşən bütün məktəblər üçün yeni binalar inşa edilib, məktəb binaları müasir tədris avadanlıqları, kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, açıq idman qurğuları və idman zalları ilə təmin olunmuşdur. Culfa rayonunun təhsilində qazanılan nailiyyətlər göstərilən bu diqqət və qayğının nəticəsidir.
Siyam Hacıyev bildirmişdir ki, ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil alması üçün yaradılan şərait, eyni zamanda pedaqoji heyətin əməyinin qiymətləndirilməsi Culfa rayonunda yerləşən məktəblərin məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulunda öz müsbət nəticəsini göstərmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada müasir təhsil infrastrukturunun mövcud olması yüksək hazırlıqlı şagirdlərin yetişdirilməsinə, məzunların ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərməsinə zəmin yaradır.
Təhsil naziri vurğulamışdır ki, Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 tam orta məktəb və 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Hazırda ümumtəhsil məktəblərində 410 sinifdə 5437 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 862 müəllim məşğul olur. Məktəblərdə 599 kompüter və 75 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 87 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 97 minə yaxın dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, istilik sistemi quraşdırılmış, Culfa Rayonunun məktəbdənkənar təhsil müəssisələrində və 2 məktəbdə STEAM kabinəsi yaradılmışdır. Hazırda da 5 məktəbdə STEAM kabinəsi yaradılır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 3 ildə 58 gənc kadr müəllim kimi fəaliyyətə başlamışdır. 13 gənc kadr isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 328 məzunundan 303-ü və ya məzunların 92,4 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 224-ü və ya 74 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 32 məzun imtahanlarda 500-700 arası bal toplamışdır ki, onlardan da 1-i Prezident təqaüdünə layiq görülmüşdür. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i qızıl, 5-i gümüş nişana, 7-si isə fərqlənmə attestatına layiq görülmüşdür.
Sonra Təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi məktəblərin dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib. Bildirilib ki, rayonun 6 məktəbinin məzunlarının hamısı, 7 məktəbinin isə məzunlarının 75 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Təhsil naziri nəticəsi yaxşı olan məktəblərin kollektivlərinə təşəkkür etmiş, zəif nəticə göstərən məktəblərin fəaliyyətlərində dönüş yaratmaları ilə bağlı tapşırıqlar vermişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 13 məktəbə diplomlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti