Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türkiyə Respublikasından dəvət olunan Robotistan Elektronik Şirkətinin layihə koordinatoru Yasin Taşcıoğlu və Proqram təminatçısı Tulin Yeşiltepe tərəfindən dekabrın 13-dən 20-dək keçirilən 21 müəllimin iştirak etdiyi STEAM təlimlərinə yekun vurulub.
Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı nəticəsində yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və XXI əsr bacarıqlarına malik gənc nəslin yetişməsinə, qabaqcıl təlim texnologiyalarının öyrənilməsi məqsədlərinə xidmət edir.
Aparat rəhbəri qeyd edib ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı hazırda “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır. Bu günədək 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması və “STEAM təhsil festivalı”nın keçirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi, müəllim kadrların hazırlanması və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 175-nə bu mərkəzdə, 150-nə isə onlayn qaydada olmaqla 325 müəllimə yerli mütəxəssislər tərəfindən təlimlər keçirilib. Bu təlimlərin nəticəsi olaraq onlarda STEAM dərsləri tədris etmək bacarığı formalaşıb.
Aparat rəhbəri bildirib ki, STEAM xarici təlim metodu olduğundan, təlim məzmununun hazırlanmasında xarici təcrübədən istifadə olunmalıdır. Bu baxımdan, təşkil olunmuş təlimlərdə xarici mütəxəssislərin iştirakı, onların öz beynəlxalq təcrübələrini müəllimlərlə bölüşməsi, onların bu sahəni mükəmməl səviyyədə öyrənməsinə imkan yaradır. Eyni zamanda STEAM proqramına uyğun microbit, arduino, robot qurğuları və onların idarə edilməsi, 3D proqramlarında modellərin hazırlanması, 3D printerdə prototiplərin çap olunması üzrə praktik bilik və bacarıqlara yiyələnirlər. 21 müəllimin təlim dövründə Beynəlxalq təlimçilərlə qurduğu əlaqə və əməkdaşlıq məktəblərdə STEAM təhsilinin tədrisinə müsbət təsirini göstərəcəkdir.
Daha sonra STEAM təlimçiləri kimi fəaliyyətə başlayacaq müəllimləri təbrik edib. Sonda təlimi uğurla başa vuran müəllimlərə STEAM təlimçisi sertifikatları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti