Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbinin ibtidai siniflərində müxtəlif fənlər üzrə nümunəvi açıq dərslər təşkil edilib.
Açıq dərslərin təşkilində əsas məqsəd tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi, şagirdlərin tədqiqatçılıq bacarığının üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində ənənənin formalaşdırılmasından ibarətdir. Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.
Açıq dərslərdə Təhsil Şöbəsinin əməkdaşları və ibtidai sinif müəllimləri iştirak edib.
Açıq dərslər II və IV siniflərdə Azərbaycan dili, riyaziyyat, həyat bilgisi fənləri üzrə təşkil olunub.
Dərslərdə müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik, məqsədyönlü istifadəsi və şagirdlərin dərsin bütün mərhələlərində fəal iştirakı təmin edilib.
Belə ki, məktəblilər maraqlı təqdimatlarla çıxış edərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Müəllimlər tərəfindən motivasiya və tədris materialları şagirdlərin hazırlıq səviyyəsinə uyğunlaşdırılıb.
Dərslərin dinlənilməsi başa çatdıqdan sonra təhlil və müzakirələr aparılıb.
Müzakirəni giriş nitqi ilə açan Təhsil Şöbəsinin metodisti Aygül Məmmədova tədrisin keyfiyyətinin yüksəldilməsində açıq dərslərin keçirilməsinin əhəmiyyətindən danışıb. İbtidai sinif müəllimləri ilə birgə həmin dərslərin müzakirəsini apararaq onlara kurikulum standartlarına uyğun dərs planlarınının tərtibatı, dərslərin təşkili, əlavə resurslardan istifadə və şagird fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı metodiki tövsiyələrini verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.