Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında Şərur rayon Şəhriyar kənd tam orta məktəbində “Xətt izləyən robot” yarışı keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını və bu sahədəki məlumatlılığını artırmaq, robototexnika üzrə bilik və bacarıqlarının aşkar edilməsi, robotların qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarətdir.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərində STEAM təhsilinin tətbiqi ilə bağlı görülən işlər haqqında danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli Sərəncamına əsasən hazırda Naxçıvan şəhərində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır. Bu günədək 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması və “STEAM təhsil festivalı”nın keçirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi, müəllim kadrların hazırlanması və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə tətbiqinə başlandığı gündən STEAM təlimlərinə start verilib. Bugünədək Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli STEAM təlimçiləri və Beynəlxalq təcrübəyə malik mütəxəssislərin tərəfindən 325 müəllimə təlimlər keçirilib. Bu təlimlərin nəticəsi olaraq onlarda STEAM dərslərini tədris etmək bacarığı formalaşıb. STEAM tədrisi üçün Təhsil Nazirliyi təşəbbüsü ilə VI, VII siniflər və məktəbdənkənar təhsil müəssisələri üçün STEAM tədris vəsaiti, dərs proqramları, Robotexnika, STEAM robot layihələri, Robotexnikanın əsasları, STEAM mühəndislik və STEAM incəsənət öyrədici kitabları xarici ədədbiyyatlardan tərcümə edilərək çap olunmuşdur.
Təhsil naziri STEAM təhsilinin əhəmiyyətindən də danışaraq bildirmişdir ki, STEAM təhsili şagirdlərin inkişafı üçün çox vacibdir. Artıq şagirdlərimiz öz ideyalarını bu təhsil vasitəsilə reallaşdırmaq imkanı əldə edirlər. Şagirdlər müasir metodikanı öyrənərək kompüter tərəfindən idarə olunan ağıllı cihazları şüurlu şəkildə idarə edir, hazırladıqları robot modellərini dizayn edirlər.
Nazir bildirib ki, 2019-ci ildə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi də bu gün məktəblilərin robototexnika sahəsini öyrənməsinə geniş imkanlar açır. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Ordubad və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə olmaqla, ümumilikdə 45-dən çox yeni innovativ dərnəklər yaradılıb. Yaradılan imkanlardan yararlanaraq artıq məktəblilər muxtar respublika və ölkə səviyyəli yarışlarda öz ideyaları ilə layihələr hazırlayaraq iştirak edirlər. Dekabrın 9 və 10-da Bakı şəhərində keçirilən STEAM Azərbaycan Festivalı 2021-də ölkə üzrə 3-cü yerin qalibi olmuşlar.
Nazir daha sonra, məktəbli komandaların “Xətt izləyən robot” yarışması üçün arduino, microbit və lego dəstlərindən hazırladıqları robotlarla tanış olub, şagirdlər robot layihələri haqqında məlumat veriblər. Sonra yarışa start verilib, komandalar robotlarla müxtəlif yol xətti üzərində robotlarını işə salıblar. Təhsil naziri şagirdlərin xüsusi xətlər üzərində hərəkət etdirmək üçün kodlaşdırdıqları və dizayn etdikləri robotlarla yarışlarının gedişatını izləyib və şagirdlərə uğurlar arzulayıb.
Yarışda şəhər və rayon məktəblərinin VI-XI sinifləri üzrə 29 komanda olmaqla, ümumilikdə 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışıb. Müsabiqənin şərtinə görə xətt izləyən robotlar yarışın başa çatmasına və vaxta görə sıralanmış, ümumi zaman bərabərliyində daha az cərimə xalı olan, bərabərliyi pozulmayan, maneəsiz yolu sonadək gedən robot üstünlük təşkil edib.
Sonda, yarışmada təyin olunan vaxtı ən qısa müddətdə və ən az cərimə xalı ilə başa vuran komandalar münsiflər heyəti tərəfindən qalib elan olub. Yarışın 3 mərhələsində uğur qazanan komandalar I, II, III yerə layiq görülüb, medal və hədiyyələrlə mükafatlandırılıblar.