28 dekabr 2021- ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Ordubad rayonunda Kimya, Biologiya və Fizika müəllimlərinin iştirakı ilə görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş “Yusif Məmmədəliyev-tarixdə qoyulan iz” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə gənc müəllimlər Yusif Məmmədəliyevin ev muzeyini ziyarət etmişdir. Burada gənc müəllimlər Yusif Məmmədəliyevin yaşadığı ev və ona aid əşyalarla tanış olmuş, kimya elminə verdiyi töhfələr haqqında məlumat almışlar.
Sonra tədbir Ordubad rayon 3 nömrəli tam orta məktəbdə davam etmişdir. Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova çıxış edərək Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqət və qayğıdan bəhs etmişdir. O, bildirmişdir ki, Ordubad təhsili də bu qayğıdan bəhərələnmiş, rayonun ən ucqar kənd məktəbləri müasir infrastruktur və maddi-texniki tədris bazası ilə təmin olunmuşdur. Gülxanım Orucova qeyd etmişdir ki, tarixə nəzər saldıqda Ordubad rayonunun Azərbaycan təhsilinə, elminə böyük xidmətlər göstərmiş alimlər yetişdirdiyinin şahidi oluruq. Yusif Məmmədəliyev də belə şəxsiyyətlərdən, alimlərdən olmuşdur. O, Azərbaycanda kimya elminin inkişafına böyük töhfələr vermişdir. Bu gün hər bir gənc kimya müəllimi də Yusif Məmmədəliyev fəaliyyətini özünə örnək almalıdır. Kimya fənninin tədrisində yaradılan geniş imkanlardan istifadə etməli, gələcəyin kimyaçı alimlərini yetişdirməyi bacarmalıdır.
Ordubad rayonu üzrə Naxçıvan Gənc Müəllimlər Assosasiyasının İdarə heyətinin üzvü Ülviyyə Cəfərova Yusif Məmmədəliyevin həyat və yaradıcılığından bəhs etmiş, onun tarixdə silinməyən iz qoyduğunu, kimyaçı alim, kimya elimlər doktoru, professor, SSTİ Dövlət mükafatı laureatı və SSRİ Elimlər akademiyasının akademiki və prezidenti, Azərbaycan SSR Ali Sovetinin deputatı olduğunu, onun ikinci dünya müharibəsinin ağır dövründə yüksək oktanlı benzin ixtira etdiyini bildirmişdir.
Sonra Yusif Məmmədəliyevin həyatı və fəaliyyətinə həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən izlənmişdir.
Sonda Ordubad rayon 3 nömrəli tam orta məktəbin kimya müəllimi Aykin Rzazadə Yusif Məmmədəliyevin Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər gördüyünü bildirmiş və bu haqda tədbir iştirakçılarına məlumat vermişdir. Sonra Gənc müəllim tərəfindən müxtəlif kimyəvi təcrübələr aparılmışdır.