• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün987
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11150
mod_vvisit_counterBu ay7211
mod_vvisit_counterÜmumi2524027

Tarix: 05 May, 2024

Naxçıvan Muxtar Respublikasında yayılan yeməli göbələklər

Bütün prokariot və eukariot orqanizmlərin hamısı bioresurslara aiddir ki, onlardan biri də göbələklərdir. Göbələklər həm növ müxtəlifliyinə, həm də təbiətdə yerinə yetirdikləri funksiyalarının rəngarəngliyinə görə digər canlılardan fərqlənirlər və üzvi maddələrin olduğu hər bir yerdə yayılma qabiliyyətinə malikdirlər. Belə ki, onlar təbiətdə, o cümlədən meşələrdə üzvi maddələrin destruksiyasında və transformasiyasında iştirak etməklə onların davamlılığını təmin edir, qida, dərman və yem keyfiyyətlərinə görə təssərüfat əhəmiyyətinə malikdirlər. Bu səbəbdən də hazırda mikologiyanın prioritet istiqamətlərindən biri müxtəlif regionlara xas olan mikomüxtəlifliyin müxtəlif aspektlərdə qiymətləndirilməsidir.

Qeyd edildiyi kimi, göbələklər qida kimi istifadə edilir. Dünya əhalisinin sayının durmadan sabit ərazi daxilində artması, insanların qida təminatında da müəyyən problemlər yaradır ki, bu baxımdan əlavə qida mənbələri kimi göbələklər də mühüm əhəmiyyət kəsb edir. Lakin onların qida kimi istifadə edilən növləri ümumi göbələklərin sayı fonunda azdır və hələ də statusu bəlli olmayan kifayət qədər növlər vardır.

Bu səbəbdən təqdim olunan işin məqsədi Naxçıvan Muxtar Respublikasının müxtəlif meşə ekosistemində yayılan papaqlı göbələklərin növ tərkibinə, resurs potensialına və rastgəlmə tezliyinə görə xarakterizə edilməsi olmuşdur.

Tədqiqat materialı olaraq Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən papaqlı göbələk nümunələri toplanılmışdır. Materialların toplanılması və herbariləşdirilməsi standart metodikalar üzrə həyata keçirilmişdir. Herbariləşdirilmiş nümunələrdə göbələklərin toplanıldığı yer və biosenozların təsviri ətraflı qeyd edilmişdir.

Apardığımız tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikasının ərazisində yayılan papaqlı göbələklərin növ tərkibini təhlil edərkən onların bəzilərinin qidalılıq xüsusiyyətləri öyrənilmişdir.

Ərazidə yayılan yeməli göbələklər təbii sərvət olmaqla yanaşı, həm də qidalılığına görə qiymətli məhsul hesab olunurlar. Bu növlərin çoxu qədim zamanlardan başlayaraq bu günə qədər insanların qidasında xüsusi yer tutmuşdur. Hazırda əhali yeməli göbələklərdən yalnız dombalandan (Terfezia leonis), sarıcadan (Cantharellus cibarius) və şampinyonlardan, yerli əhali tərəfindən isə “ağ göbələk“ və ya adam göbələyi adlandırdığı növlərdən istifadə edir, lakin əksər növlər isə istifadəsiz olaraq qalır. Buraya xüsusilə, bazidiomisetlərdən olan papaqlı, lətli göbələklər və qismən də askomisetlərdən olan lətli göbələklər aiddir.

Göbələklərin qida kimi qəbulu məsələsi çox qədimdən məlumdur. Eramızdan əvvəl IV əsrdə yaşamış Aristotelin tələbəsi qədim yunan filosofu Teofrast öz əsərində şampinyon, tryufel və quzu qarnı kimi göbələklər haqqında məlumat vermişdir. Antik dövrdə qədim romalılar və yunanlar keserov göbələyindən və dombalandan hazırlanmış yeməkləri delikates hesab edirdilər.

Azərbaycanda ilk dəfə yeməli papaqlı göbələk XVII əsrdə qeydə alınmışdır.

Artıq dünyanın 70 ölkəsində süni yolla yeməli göbələklər becərilir. 1992-ci ilin məlumatına əsasən dünyada 1000000 tondan çox göbələk istehsal olunur. Tərkibindəki zülalın miqdarı və keyfiyyətinə görə göbələklər tərəvəzləri qabaqlayır.

Alimlər müəyyən etmişlər ki, süni yolla yetişdirilən şampinyon göbələyinin mitselilərində zülalın miqdarı 50 %-dən çoxdur. Göbələklərin tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, mineral maddələr və digər qida məhsulları vardır. Yüksəkkeyfiyyətli qida kalorisi müasir tələbləri ödəyir. Odur ki, şampinyonların müasir sənaye istehsalı ilə məşğul olmaq sərfəlidir. Heyvanları müasir tələblərə uyğun şəkildə bəslədikdə hər il 1 ha sahədən 63,5 t zülal əldə edilir. Lakin eyni sahədən 1 il ərzində 567 t quru göbələk zülalı almaq mümkündür.

Yeməli göbələklərin ərzaq, qida məhsulu kimi əhəmiyyəti onların kimyəvi tərkibi və dadlılığı ilə müəyyən edilir. Təzə halda olan yeməli göbələklərin kimyəvi analizi  onların tərkibinin orta hesabla 90 %- ni su təşkil etdiyini göstərir. Göbələyin quru çəkisinin 30-40 %-ni zülal, 10-15 %-ni karbohidratlar, 1-2 %-ni isə yağlar təşkil edir. Onları bəzən ətlə bərabər və daha artıq qida əhəmiyyətli məhsul hesab edirlər. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələr də vardır. Göbələklərdə zülallar və yağlar tərəvəzdə olduğundan xeyli çox, karbohidratlar isə bitki məhsullarına nisbətən azdır. Qeyd etmək lazımdır ki, göbələk zülalı çətinliklə mənimsənildiyi üçün, zülalı qidalanmada yüksək qiymətləndirilmir. Yeməli göbələklərdə olan A, B1, B2, B12, D, C, PP vitaminləri insan və heyvan orqanizmlərində gedən maddələr mübadiləsində bioloji katalizator kimi çox böyük rol oynayırlar. Ədəbiyyat məlumatlarında yeməli növlərdə bəzi vitaminlərin quru çəkiyə görə miqdarında tiamin (B1), riboflavin (B2), nikotin turşusu (PP), askarbin turşusu (C), B12  olduğu qeyd edilmişdir. B1 vitaminin olmasına görə göbələklər dənli məhsullardan geri qalmır. Təbii halda bitən bir çox yeməli göbələklərdə “D“ vitamininin də kifayət qədər olduğu göstərilir. Bəzi göbələklərdə olan  “PP“ vitamininin miqdarı maya göbələkləri və qaraciyərdə olduğu qədərdir. Göbələklərdə aramatik efirli yağlar- terpenlər də geniş yayılmışdır. Ekstrativ maddələr onlardan hazırlanmış yeməklərə xüsusi ətir və xoş dad verir. Bundan əlavə göbələklərdə mineral maddələr və mikroelementlər- kalium, fosfor, natrium, yod, arsen, manqan aşkar edilmişdir. Ali bitkilərə xas olan nişasta burada yoxdur. Göbələyin meyvə cismində ehtiyat qida maddəsi kimi qlükogen vardır ki, o da yalnız heyvan orqanizmlərində rast gəlinir.

Ümumiyyətlə, göbələklərin bəzi ayrı-ayrı cins və növləri yalnız özlərinə məxsus olan, spesifik qoxulara malikdir. Meyvələri xatırladan xoş iyli olanlarla bərabər, göbələklərin sarımsaq, soğan, habelə daha tünd, hətta cəmdək iyi verən növləri də vardır. Spor əmələ gətirən dövrdə onların iyi xüsusilə qüvvətlənir ki, bunun da müəyyən mənada bioloji əhəmiyyəti vardır: bu zaman ətrafdan spor yayıcıları olan həşəratlar cəlb olunur.

Naxçıvan MR-də 50-dən artıq yeməli göbələk növü yayılmışdır. Bunlardan əhali daha çox şampinyonlardan, dombalandan, sarıca, südlü göbələklərdən istifadə edirlər.

Göbələklərin tərkibinə və dadlılığına əsaslanan bəzi müəlliflər müəyyən dərəcədə əhəmiyyətli yeməli göbələkləri 4 kateqoriyaya bölürlər. Tədqiqat apardığımız ərazidə I kateqoriyalı göbələyə rast gəlinməmişdir. Şampinyonlar, kilkəli peyinər II, sarıca, payız kötükcəsi, bir sıra alkövrəklər III, hündür çətirgöbələk, asılqal, dişcikli tozanaq, pulcuqlu qov göbələyi IV kateqoriyaya aid edilir.

Göbələklərin qidalılıq dəyərinə görə qiymətləndirərkən hər şeydən əvvəl onların meyvə cisimlərinin ölçülərini də nəzərə almaq lazımdır. Belə ki, CollybiaMarasmius və Mycena cinslərinə daxil olan bəzi növlərin yeməli olmasına baxmayaraq onların meyvə cisimləri kiçik olduğundan tədarükləri çətin və zəhmət tələb edəndir. Ona görə də onları az miqdarda toplayıb salat kimi yeməklərdə istifadə etmək olar.

Göbələklərin əmələ gəlmə vaxtı, inkişaf müddəti və sonu hər növün bioloji xüsusiyyətlərindən, mühitin iqlim şəraitindən, xüsusən torpaq və havanın rütubətindən çox asılıdır. Naxçıvan MR ərazisində yeməli göbələklər, demək olar ki, mart-oktyabr aylarında, müəyyən fasilələrlə, daha doğrusu, mövsümlərlə əmələ gəlirlər. Onların məhsuldarlığı müəyyən illərdə bol olduğu halda, növbəti ildə nisbətən azalma müşahidə olunur. Əsasən papaqlı göbələklərin inkişafı mart ayının axırlarından və aprelin əvvəllərindən başlayaraq Terfezia leonis, Morchella esculenta, Lycoperdon perlatum və digər kiçik növlərin əmələ gəlməsi ilə başlayır. Morchella esculenta Lycoperdon perlatum növlərinə meşə və kolluqlarda,  Terfezia leonis növünə isə bozqır və dağ ətəklərində rast gəlinir. Sonralar yağışların başlaması və havaların qızması ilə əlaqədar olaraq yeməli göbələklərin surətli inkişafı başlayır.

Yeməli göbələklərin kütləvi yayılmasına əsasən sentyabr-oktyabr aylarında təsadüf edilir. Onların inkişafı üçün əlverişli keçən illərdə meşəliklərlə əhatə olunmuş sahələrdə ağ çətirgöbələk, konrad çətirgöbələyi, hündür çətirgöbələk, kilkəli peyinər (qaranquş göbələyi), kandol psatirellası, pulcuqlu qov göbələyi, pulcuqlu lentinus, ipəkvari volvariella, meşəsiz dağlıq zonalarda isə istiotlu südlücə, qəşəng boletus, əsl və ya payız kötükcəsi, adi şampinyon, adi asılqal və pulcuqlu qov göbələyi daha geniş yayılmışdır. Bəzən yayda havaların quru keçməsi ilə əlaqədar olaraq göbələklərə rast gəlinmir.

Müəyyən olunmuşdur ki, ərazidə yeməli göbələklərə bu və ya digər dərəcədə ilin doqquz ayında (mart-noyabr) rast gəlmək mümkündür. Başqa sözlə, onların inkişafı il ərzində daima yox, müəyyən dövrlərlə və ya mövsümlərlədir. Yaz dövründə erkən yaza təsadüf edilən və payızın sonlarınadək davam edən göbələklər xarakterikdir. Bu dövr martın axırları aprelin ilk günlərindən iyunun əvvəllərinədək davam edir.

Beləliklə, qeyd etmək lazımdır ki, yeməli göbələklər təkcə qida kimi yox, həmçinin meşə torpaqları üzərinə tökülmüş müxtəlif yarpaqlar, ağac qabıqları, budaq və gövdə parçaları əsasən meşə döşənəyində yaşayan papaqlı göbələklər tərəfindən parçalanaraq torpağı zənginləşdirir, beləliklə, təbiətdə maddələr dövranında da fəal iştirak edirlər.

Həmidə Seyidova

biologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun böyük elmi işçisi

Rübabə Həsənova

Naxçıvan şəhər 8 saylı orta məktəbin IX sinif şagirdi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg