Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümü ilə əlaqədar Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlərin təşkili haqqında “Tədbirlər Planı”na uyğun olaraq Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ulu yurdum Naxçıvanım” adlı inşa yazı müsabiqəsi keçirilib.
İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının tarixinin gənc nəslə öyrədilməsi, muxtar respublikanın inkişaf tarixinə, dünəninə və bu gününə nəzər salınması, qədim diyarımızın təbiətinin, tarix və memarlıq abidələrinin, şəhər və kəndlərimizin müasir həyatının, mərd və mübariz insanlarının təbliğ olunması, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olub.
Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı tədbiri giriş nitqi ilə açaraq Naxçıvanın muxtariyyətinin böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxdığını, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçdiyini bildirib. Vurğulayıb ki, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, son 98 il ərzində Naxçıvan Muxtar Respublikasının keçdiyi yol təkcə müdrik bir xalqın yazdığı möhtəşəm tarix deyil, həm də ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, "Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.
İnşa yazılar əsasnaməyə uyğun olaraq müəyyən edilmiş həcmdə yazılıb. Şagirdlər inşalarda Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm ediblər. İnşa yazının aparılmasına 2 saat vaxt verilib.
İnşa yazı müsabiqəsində ümumilikdə 34 şagird iştirak edib.
Münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları (düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s.) nəzərə alaraq qiymətləndirmə aparıb.
Müsabiqənin yekun nəticələrinə əsasən, 1 – I yer, 1 – II yer, 1 – III yer, 1- həvəsləndirici yer olmaqla, ümumilikdə 4 qalib müəyyən edilib.
Müsabiqənin qaliblərinə diplomlar təqdim edilib.