Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsində qalib olan Ordubad rayonu Nüsnüs kənd tam orta məktəbin müəllimi Xədicə Məmmədovanın “Dastana döndü...Hər şəhid bir dastan...” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov bildirib ki, bu il muxtar respublika üzrə 4 layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olub. Bu layihələrdən artıq 3-ü yekunlaşıb, 1 layihə isə uğurla davam etməkdədir.
Layihə rəhbəri Xədicə Məmmədova bildirib ki, “Dastana döndü...Hər şəhid bir dastan...” layihəsində məqsəd ümumtəhsil məktəblərində şagirdlərə vətənpərvərlik hislərinin aşılanması və dövlətinə, xalqına, millətinə sevgi ruhunda yetişdirilməsi, Vətən müharibəsi şəhidlərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir.
Qeyd olunub ki, layihənin icrası müddətində layihə iştirakçıları ilə müxtəlif görüşlər təşkil edilib, layihənin açılış tədbiri keçirilib. Eyni zamanda 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərən Naxçıvan şəhidlərinin həyat və fəaliyyəti haqqında məlumatların əks olunduğu kitab nəşr olunub, şəhidlərə həsr olunan film və videoçarxlar hazırlanıb.
Sonra Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova bildirib ki, “Dastana döndü...Hər şəhid bir dastan...” layihəsi gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu layihələrin hazırlanması məqsədi ilə yanvar ayında gənc müəllimlərə 5 günlük təlimlər keçirilib. Təlimlərin nəticəsində gənc müəllimlər müxtəlif mövzularda layihələr hazırlamağa başlayıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının aparıcı məsləhətçisi, layihənin eksperti Sahil Əlizadə layihənin uğurla icra olunduğunu bildirib.
Daha sonra layihə çərçivəsində hazırlanan “Məktəbdən səngərə”adlı film və videoçarxlar haqqında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşı Günel Mustafayeva,”Dastana döndü...Hər şəhid bir dastan...” kitabı haqqında Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti, kitabın müəlliflərindən biri Ceyran Məmmədova çıxış ediblər .
Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov layihənin hazırlanmasına gstərilən dəstəyə görə minnətarlıq edib.
Tədbirin sonunda “Dastana döndü...Hər şəhid bir dastan” layihəsiçərçivəsində hazırlanan 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda qəhrəmanlıq göstərən Naxçıvan şəhidlərinə aid kitabın təqdimatı keçirilib, film və videçarxlar nümayiş etdirilib , qrant layihə təlimlərinə qoşulan gənc müəllimlərə diplomlar təqdim olunub.