Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün “Müasir dövrdə məktəbəqədər təhsilin təşkili xüsusiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ölkəmizdə və o cümlədən muxtar respublikada aparılan uğurlu təhsil islahatlarından, təhsilə göstərilən hərtərəfli dövlət qayğısından danışıb.
Qeyd olunub ki, yarandığı ilk gündən dövlət qayğısı ilə əhatə olunan institutda bakalavr, magistr, doktorantura səviyyələri üzrə kadr hazırlığı ilə yanaşı, muxtar respublikada diplomdan sonrakı təhsilin istiqamətləri üzrə məqsədyönlü işlər aparılır. İxtisasartırma və təkmilləşdirmə kurslarının təşkili, ümumtəhsil məktəb müəllimləri ilə seminar, dəyirmi masa, disput, kitab müzakirəsi, qabaqcıl təcrübənin yayılması və digər tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 03 aprel 2019-cu il tarixli sərəncamına uyğun olaraq müəllimlik ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hamiliyinə verilib. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə sıx əlaqələr yaradılıb, müəllim kadrların ilkin və diplomdan sonrakı təhsilində yüksək keyfiyyətli nəticələr əldə olunub.
Azad Novruzov institutda kadr hazırlığı aparılan “Məktəbəqədər təhsil” ixtisasına verilən müasir tələblərdən də danışıb, bu ixtisasın “Dövlət tədris standartlarında”kı yeniliklərə toxunub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, bu gün muxtar respublikada təhsilin bütün sahələrinədövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.Şagirdlərin , tələbələrin hərtərəfli bilik alması üçün yeni təhsil ocaqları tikilərək və yaxud yenidən qurularaq maddi texniki bazası yüksəldilir.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il dekabrın 22-də "Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.Sərəncamın icrası məqsədi ilə nazirlikdəbu sahə ilə bağlı sektor yaradılıb .Məktəbəqədər təhsil müəsisələrində tədris , kadr və digər sahələrdə uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülüb.Təhsil müəsisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb.
Məktəbəqədər təhsil müəsisələrində 2022-ci ildən başlayaraq tərbiyyəçi-müəllim, musiqi rəhbəri və tibb bacılarının işə qəbulu müsabiqə yolu ilə aparılacaq.Fevral ayında məktəbəqədər təhsil müəsisələri üzrə vakansiyalar elan olunacaq.
Rəhman Məmmədov elmi-praktiki konfransın əhəmiyyətinə də toxunaraq bildirib ki, belə tədbirlərin keçirilməsi məktəbəqədər təhsil müəsisələrində işləyən tərbiyyəçi - müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır.
İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva tədbir iştirakçılarına metodiki köməklik məqsədilə 2021-ci ildən fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma üzrə elektron platformadan istifadə qaydaları haqqında praktik nümunələr əsasında məlumat verib.
Konfransda pedaqogika və psixologiya kafedrasının müəllimi, defektoloq, loqoped Almaz Məmmədovanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqların xüsusiyyətləri və aşkarlanması, kafedranın baş müəllimi Zeynəb Məmmədovanın “Məktəbəqədər yaşlı uşaqlarda həyati bacarıqların formalaşdırılması” və pedaqogika üzrə fəlsəfə doktoru Solmaz Cabbarovanın “Müasir məktəbəqədər təhsil müəssisələrində ailələrlə işin təşkili xüsusiyyətləri” mövzularında çıxışları dinlənilib .