Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və təcrübəçi tələbələr iştirak ediblər.
İnstitutun rektoru Azad Novruzov konfransı açaraq qeyd edib ki, pedoqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı ,ali təhsil müəssisələrinin tədris planında xususi önəm daşıyan bir prosesdir . Belə ki, tələbələr pedoqoji təcrübədə məktəb müəllimlərinin dərslərində iştirak edərək tədris sistemini müşahidə etməklə bir çox-sosial pedoqoji dəyərlərə yiyələnəcəklər. Həmçinin proqram materiallarının perspektiv və cari planlaşdırılmasına dair vərdişlər qazanacaq, qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayacaqlar.
Azad Novruzov təcrübədə iştirak edəcək tələbələrə dərslərə hazırlıqlı daxil olmaları , nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı tövsiyyələr verib, onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Vurğulanıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Həmçinin muxtar respublikada pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb.
Nazir hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci 25 iyun tarixli Sərəncamı ilə 32 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib ki, onlardan da 12-si Naxçıvan Müəllimlər İnstitutundadır.
Nazir qeyd edib ki, göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşıb , bu peşəyə maraq artıb. Məhz bu görülən işlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayında hər il artım müşahidə olunur. Təkcə ötən tədris ilində məzunlardan 548-i, yaxud 36.6 faizi pedaqoji profilli ixtisasa qəbul olunub ki, onlardan da 199-u ixtisas seçimi zamanı Naxçıvan Müəllimlər İnstitutunu seçib.
Həmçinin vurğulanıb ki, 2018-ci ildən müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə Naxçıvan Müəllimlər İnstitutunun yüksək nəticə göstərən məzunlarından 96-sı müəllim, 56-sı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə 152 məzunu işlə təmin olunub.
Bildirilib ki, Təhsil Nazirliyinin 8 ümumtəhsil məktəbində, həmçinin 3 məktəbəqədər təlim və tərbiyyə müəsisəsində 5 ixtisas üzrə -İbtidai sinif, Rus dili, Biologiya , Riyaziyyat və informatika, Məktəbəqədər təlim və tərbiyyə olmaqla ümumilikdə 236 tələbə pedaqoji təcrübədə olacaqdır. Təcrübə 14 həftə davam edəcək.
Təhsil naziri qeyd edib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələ, müəllimliyə doğru atdıqları vacib addımdır. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır.
Nazir təcrübə müddətində tələblərin təhsil müddətində şəraitdən səmərəli istifadə etmələri üçün zəruri şəraitin yaradıldığını bildirib.Bu şəraitdən səmərəli istifadə etmələri üçün tələbələrə uğurlar arzulayıb.
Naxçıvan Müəllimlər İnstitunun Tədris və Tərbiyyə İşləri üzrə prorektoru Çapay Quliyev təcrübə müdətində ümutəhsil məktəblərinin kollektivlərinin və tələbələrin üzərinə düşən vəzifələr barədə məlumat verib.
Müəllimlər İnstitutunun pedoqolji təcrübə rəhbəri Təranə Əliyeva, təbiət və incəsənət fakultəsinin dekanı Rövşən Vəliyev, pedoqoji fakultənin dekanı Samirə Həsənova pedoqoji təcrübənin təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən bəhs ediblər.
Sonda Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən instituta hədiyyə edilən dərsiklərlə tanışlıq olub.
Qeyd edək ki, nazirlik tərəfindən instituta 6-11-ci siniflərdə tədris olunan Riyaziyyat , Biologiya ,Rus dili kitabları , həmçinin məktəbəqədər və ibtidai siniflər üçün yeni çap olunan 180 dərslik hədiyyə edilib.