Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan qrafikə uyğun olaraq fevralın 18-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən keçirilib.
İnteraktiv dərsdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Fuad Babayev “Arduino texnologiyası” haqqında şagirdlərə məlumat verib.Bildirib ki, orijinal arduino avadanlıqları İtaliya şirkəti olan Smart Projects tərəfindən istehsal edilir. Kommersiya məqsədi ilə istehsal edilən orijinal arduino lövhələrinin 17 növü vardır.
Şagirdlərin diqqətinə çatdırılıb ki, arduino texnologiyası ona daxil olan LED, servolar, düymələr və idarə olunmasına əsasən bir mikroprosessor, giriş və ya çıxış sancaqları olan açıq mənbəli bir elektron kartdır. Panel ümumiyyətlə USB və ya xarici bir təchizatı ilə işləyir ki, bu da digər avadanlıq və sensorlara güc verməyə imkan verir.
İnteraktiv dərsdə arduino avadanlığı və proqram təminatına əsaslanan açıq mənbəli elektron prototip platforma ilə bağlı şagirdlərə ətraflı məlumatlar verilib, bu texnologiyada proqramın yazılması və IDE-dən istifadə edərək Arduino-ya yukləmə qaydası iş ardıcıllığı ilə izah olunub.
İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.