Martın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində nazirliyin birbaşa tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Elimizə bahar gəlir” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqə başlamamışdan əvvəl Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov çıxış edərək bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Qeyd olunub ki, Novruz bayramına həsr olunmuş rəsm müsabiqəsi muxtar respublika məktəblilərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşmasına xidmət edir.
Bugünkü müsabiqənin təşkil edilməsində əsas məqsəd yeniyetmə və gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə stimul verməklə yanaşı, gənc nəslin adət-ənənələrimizə marağının artırılması və şagirdlərdə milli qürur hissinin aşılanmasından ibarətdir. Həmçinin bu cür müsabiqələr gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissinin artırılması və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsinə öz töhvəsini verir. Müsabiqədə dərnək üzvləri adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan baharın gəlişini tərənnüm edən mövzularda rəsmlər çəkiblər. Müsabiqənin şərtlərinə görə rəsmlər kağız, karton, kətan üzərində karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, quaş, akvarel, akril, yağlı boya və digər vasitələrdən istifadə etməklə 2 saat müddətində çəkilib.
Müsabiqədə iştirak edən dərnək üzvlərinin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Əlizadə Səadət Anar qızı I yerə, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Nəsirli Həsən Fərid oğlu, Rəhimova Südabə Vüqar qızı II yerə,Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvü Abdullazadə Nubar Faiq qızı,Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Əliyeva Nazpəri Bilal qızı və Əhmədova Gülüstan Mənsur qızı III yerə layiq görülüblər. Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin diplomları təqdim olunub.