Martın 16-da Türkiyənin Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və şagirdləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzi və mərkəzdə yaradılan innovativ dərnəklərlə tanış olublar.
Qonaqlar ilk əvvəl Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin hazırladığı əl işlərindən ibarət sərgiyə baxıblar. Məlumat verilib ki, muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunub. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün zəruri tədbirlər görülülür.
Bildirilib ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də 2686 dərnək üzvünə 122 müəllim məşğələlər keçir. Mərkəzdə 41 adda dərnək fəaliyyət göstərir. 2019-cu ildən “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 14 innovativ dərnək yaradılıb.Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib.
Qonaqlar mərəzdə yaradılan Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu innovativ dərnəkləri ilə yaxından tanış olublar.
Şagirdlərə mərkəzdəki digər dərnəklər barədə də ətraflı məlumatlar verilib, dərnək üzvlərinin nümunəvi çıxışları qonaqlarda xoş ovqat yaradıb.