Sentyabrın 10-da “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanmışdır. Təkcə 2018-ci ilin birinci yarımili ərzində 904 şagird yerlik 3 ümumtəhsil məktəbi və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda da bu sahədə işlər davam etdirilir.
Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında mühüm rol oynamışdır.
Təhsil naziri qeyd etmişdir ki, təhsilin inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə 2627 məzun sənəd vermiş, onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanmışdır.
2017-2018-ci tədris ilində məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medallara, 151-i isə fərqlənmə attestatına layiq görülmüşdür.
Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.
Müəllimlərin informasiya-kommunikasiya teхnоlоgiyalarından, xüsusən də elektron lövhələrdən istifadəsi də tələb olunan səviyyədə deyil. Öz üzərində işləməyən, dərs üçün əlavə materiallar axtarmayan, ümumiyyətlə dərsə hazırlıqsız gələn müəllimlər hələ də mövcuddur. Təhsil müəssisələrində ixtisaslı fənn müəllimlərinin olduğu halda dərslərin qeyri-ixtisas fənn müəllimləri tərəfindən tədris edilməsi hallarına da yol verilmişdir ki, bu da tədrisin səviyyəsini aşağı salmışdır.
Bildirilmişdir ki, 2018-2019-cu tədris ili təhsildə ciddi dönüş ili olmalı, mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır. Dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, tədris ili ərzində məktəb rəhbərləri tərəfindən tələb olunan sayda dərs dinləmələri aparılmalı, açıq və nümunəvi dərslər təşkil edilməli, fənlər üzrə müzakirələr təşkil edilməli, müəllimlərə metodiki köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, komputer və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodiki kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud təlimatı qaydalara əməl edilməli, kargüzarlıq təlimata uyğun aparılmalıdır.
Yeni tədris ilində “Ümumtəhsil müəssisələrinin İnformasiya sistemi” və “Şagird-Məzun” sistemindəki məlumatlar vaxtında və düzgün işlənməli, təhsil müəssisələrinə verilmiş bədii ədəbiyyatlardan istifadə, şagirdlər arasında “Oxunması zəruri olan kitablar”in mütaliəsi və müzakirəsi təşkil olunmalıdır. Bununla yanaşı, məktəbdənkənar müəssisələrdə əmək intizamının tələblərinə və müəssisədaxili nizam-intizam qaydalarına ciddi əməl olunmalı, dərnəklərə uşaqların, o cümlədən sağlamlıq inkanları məhdud uşaqların cəlbi diqqətdə saxlanmalıdır.
Bütün təhsil müəssisələrində inventarizasiyanın aparılmasına, bina və avadanlıqların, o cümlədən yaradılmış yaşıllıqların qorunmasına nəzarət artırılmalıdır.
Məruzə ətrafında müzakirələrdə Şərur və Ordubad Rayon Təhsil Şöbələrinin müdirləri Tuncay Cəfərov və Samir Zeynalovun, Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanovun, Naxçıvan Qarnizon tam orta məktəbinin direktoru Natiq Əhmədovun, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərovun və Turizm Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları dinlənilmişdir.
Sonda konfransın qətnaməsi qəbul edilmişdir.
Konfransa yekun vuran təhsil naziri cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu bir daha vurğulayıb və yeni dərs ilində bütün təhsil işçilərinə və şagirdlərə uğurlar arzulayıb.