Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi bazası yaxşılaşdırılmış, kitabxana fondu zənginləşdirilmiş, elektron kitabxanalar yaradılmış, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılmış, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmişdir.
Qeyd olunub ki, məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti ilə təmin edilmişdir.
Təhsil naziri bildirib ki, kitabxana işinə artan marağın nəticəsidir ki, təkcə 2020-2021-ci tədris ilində muxtar respublika məzunlarından 13-ü ali məktəblərin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına qəbul olmuşdur. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır ki, onlardan da 49-u işə qəbul müsabiqələrində yüksək nəticə göstərərək işlə təmin olunmuşdur.
Bildirilib ki, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlər arasında mütaliə vərdişlərinin aşılanması, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji və ictimai, publisistik və metodiki təcrübə sahəsində xidmətlərin göstərilməsi və dövrü mətbuat yeniliklərinin yayılması kimi vəzifələri icra edir. Bu gün keçirilən konfransın da əsas məqsədi təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.
Təhsil naziri qeyd edib ki, məktəb kitabxanaları fəaliyyətini gücləndirməli, ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, şagirdlərin kitabxanaya cəlbinə diqqəti artırmalı, onlarda mütaliə mədəniyyətinin formalaşmasına çalışmalı, oxuculara xidmət işini yüksəltməli, kitabların elektron kataloqunu yaratmalı, sənədləşmə işlərini mövcud təlimata uyğun aparmalıdırlar.
Metodiki kabinetlər məktəb kitabxanalarına metodiki köməklik göstərməli, nümunəvi iş planları hazırlamalı, kitabxanaçılar üçün davamlı kurslar təşkil etməli, qabaqcıl iş təcrübəsi öyrədilməlidir. Bununla yanaşı, kitabxanalarda şagird və müəllimlərin iştirakı ilə ədəbi -bədii tədbirlər, kitab müzakirələri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş müsabiqələr, poeziya gecələri, vətənpərvərlik mövzusunda söhbətlər və görüşlər, oxucu konfransları, inşa yazı müsabiqələri təşkil edilməli, şagird və müəllimlərin oxunması zəruri olan kitabları mütaliə etməsi istiqamətində iş aparılmalıdır.
Konfransda Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalovun “Ümumtəhsil məktəbi kitabxanaçılarının xidməti vəzifələri”, Sədərək rayon Təhsil Şöbəsinin metodik kabinet müdiri Firuz Ağayevin “Şagirdlərin təhsilinin və ümumi dünyagörüşünün inkişafında məktəb kitabxanasının rolu”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin kitabxana müdiri Nəcibə Hüseynovanın “Kitabxanaçının fəaliyyətinin əsasları”, Culfa şəhər 2 nömrəli tam orta məktəbinin kitabxana müdiri Elza Hüseynlinin “Kitabxana işinin təşkili” mövzularında çıxışları dinlənilmişdir.
Qeyd edək ki, “Mütaliə aylığı” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün təlim-seminarlar da keçiriləcək.
İlk olaraq 14 apreldən başlayaraq kitabxanaçılar üçün 3 günlük təlimə start verilib. Təşkil olunan təlimdə əsas məqsəd ümumtəhsil məktəblərində kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, kitabxanaçıları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarə olunması, eloktron kataloqun yaradılması və istifadə üsulları barədə məlumat veriləcək.