Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlu nailiyyətlərdən söz açıb, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırıb.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri və qarşıda duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini çıxışında cari ilin 23-25 may tarixlərində Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Parisdə Avropa Ali Təhsil Məkanı ölkələri Təhsil Nazirlərinin Konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə də 40 beynəlxalq və regional təşkilatdan ümumilikdə 550 nəfərin iştirak etdiyini vurğulayıb.
Firudin Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas müddəaları barədə məlumat verib. Nazir müavini bildirib ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həllinin diqqətdə saxlanılacağı, Erasmus+ proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi qeyd olunur. Eyni zamanda ali təhsilin rəqəmsal mühitdə çalışa biləcək mütəxəssis hazırlığına istiqamətləndirilməsi təşviq edilir.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2018-2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri barədə” məruzə ilə çıxış edib. Şöbə müdiri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının statistik təhlili, son 5 tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli artımın olması və müəllimlik peşəsinin artan nüfuzu ilə bağlı geniş məlumat verib.
Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov “Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq: uğurlar və çağırışlar” mövzusunda məruzəsində qeyd olunan şirkətlə əməkdaşlığın mövcud vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar barədə məsələlərə toxunub.
Daha sonra məruzələrlə bağlı çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.
Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.
Kollegiya iclasında həmçinin “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi Qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019-2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında məruzələr dinlənilib.
https://www.youtube.com/watch?time_continue=86&v=2Ag0ivF4eXA