Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən martın 1-dən aprelin 18-dək təşkil olunan STEAM və Robotexnika təhsili üzrə təlimləri uğurla başa müəllimlərə sertifikatlar verilib. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi metodikası və robototexnika üzrə keçirilən təlimlərdə STEAM layihəsi tətbiq olunan ümumtəhsil məktəblərinin 55 müəllimi iştirak edib. Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı nəticəsində Təhsil Nazirliyi tərəfindən uğurla tətbiq edilən STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin muxtar respublikamızda tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Sərəncamın icrası ilə bağlı 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, hazırda da 4-cü layihə olaraq əlavə 50 ümumtəhsil məktəbində yaradılması istiqamətində işlər görülür. Bununla yanaşı sərəncama uyğun olaraq “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq aparılır. Rəhman Məmmədov STEAM təhsil metodunun uğurlu tətbiqi üçün müəllim kadrların hazırlanmasının əhəmiyyəti ilə bağlı qeyd edib ki, təlimlərin əsas məqsədi STEAM dərslərini tədris edəcək müəllimləri müvafiq istiqamətdə peşəkar inkişafa sövq etmək, onlarda XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsindən ibarətdir. Təlimlər çərçivəsində müəllimlərə layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər verilir. Həmçinin müəllimlər STEAM dərslərində istifadə olunan müasir avadanlıqlardan 3D printerlərdən, arduino, mikrobit platformalarından istifadə edərək müxtəlif tapşırıqlar yerinə yetirir, yeni cihazların iş prinsipi və müxtəlif layihələrdə tətbiqi üsullarını öyrənirlər. Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 220-si bu Mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla 369 müəllim təlimlərdən yararlanıb. Bu təlimlərin nəticəsi olaraq onlarda STEAM dərsləri tədris etmək bacarığı formalaşıb. Təhsil naziri təlimləri uğurla başa vuran müəllimləri təbrik edib, STEAM Tədris Mərkəzində təlimlərin bundan sonra da davam etdirilməsi ilə bağlı tapşırıqlar verib. Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatları təqdim olunub. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "SAF 2021" Festivalında iştirak etmiş və Azərbaycan üzrə 3-cü yerin qalibi olmuş müəllim və şagirdlər sertifikata layiq görülmüşdür. Həmin sertifikatlar tədbirin sonunda şagird və müəllimlərə təqdim olunmuşdur.