STEAM-məntiqi düşüncə proseslərinə və problem həllinə diqqət yetirmək şagirdlərin hər sahədə uğur qazanmasına kömək edəcək zehni vərdişləri inkişaf etdirməyə imkan verir. Bu təhsil metodu şagirdlərdə İnformasiya Komnukasiya Texnologiyaları və elmi biliklərin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmağa təsir edən başlıca amildir. Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq aprelin 21-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib. Təhsil Nazirliyinin təlimçisi Ceyran Məmmədova tərəfindən keçirilən interaktiv dərsdə “3D çap texnologiyası” haqqında məlumat verilib. Dərsdə “Tinkercad” proqramında hazırlanmış həcmli modellərin “Ultimaker Cura ” proqramında çap parametrlərinin təyin edilməsi üçün komandalardan istifadə və 3D çap qurğusunun iş prinsipi əyani şəkildə ardıcıllıqla izah edilib. İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 100-dən artıq təhsil müəssisəsində izlənilib.