Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət gösətərən Televiziya və Radio Verilişləri Redaksiyasında bu münasibətlə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək bildirmişdir ki, bu gün muxtar respublikanın təhsil televiziyası və radiosunun internet saytının və yeni studiyasının təqdimatı keçirilir. Muxtar respublikanın kütləvi informasiya vasitələri müasir maddi-texniki bazaya, o cümlədən yayım və çap avadanlıqlarına malikdir. İlk dəfə ölkəmizdə rəqəmsal və yüksək keyfiyyətli yayıma muxtar respublikada keçilməsi, İP televiziyanın tətbiqi, informasiya agentliyinin yaradılması, media orqanlarının internet saytlarının fəaliyyətə başlaması, bütün yaşayış məntəqələrində televiziya yayımının təşkil olunması və sürətli internetə çıxış imkanının yaradılması informasiya-məlumatlandırma işinin günün tələbləri səviyyəsində qurulmasına şərait yaratmışdır.
Həmçinin Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisasının açılması, həmin ixtisasın media orqanlarına hamiliyə verilməsi bu sahədə kadr hazırlığı işinə mühüm töhfə vermişdir. Bildirilmişdir ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci ilin 18 dekabrından etibarən Televiziya və Radio Verilişləri Redaksiyası Təhsil Nazirliyinin tabeliyinə verilmiş, muxtar respublikada ilk dəfə təhsil televiziyası və radiosu fəaliyyətə başlamışdır. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlər teleradionu da əhatə etmişdir. Ötən dövrdə Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti daim diqqətdə saxlanılmış, redaksiyanın yubileyləri qeyd olunmuş, əməkdaşlar təltif edilmiş, əməkhaqları artırılmışdır. Bu gün yeni internet saytının və studiyanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətlə bağlı müəyyənləşdirdiyi vəzifələrin icrası təhsil teleradiosunun kollektivi tərəfindən bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələnin başlanğıcı olmuşdur. 2021-ci il yanvarın 1-dən etibarən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərir. Ötən dövrdə redaksiya tərəfində 800-dən artıq videomaterial hazırlanaraq yayımı təşkil olunmuşdur. Qeyd olunmuşdur ki, Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2021-ci ilin may ayından redaksiyanın efir vaxtı və fəaliyyətinin gücləndirilməsi məqsədilə ştat sayı artırılaraq 24-ə çatdırılmışdır. Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü stansiyalarının müasir standartlara cavab verən avtomatik köklənmə sistemi ilə təchiz olunması isə sərhədyanı ərazilərdə də “Naxçıvanın səsi” radiosunun daha keyfiyyətlə yayımlanmasını təmin etmişdir. Həmçinin redaksiyanın maddi-texniki bazasınının gücləndirilməsi də diqqətdə saxlanılmış, redaksiyaya müasir montaj kompüterləri, kameralar, mikrofonlar olmaqla, ümumilikdə, 17 adda 37 yeni televiziya avadanlıqları alınmışdır. “Kanal 35” televiziyasının yenidən qurulan çəkiliş studiyası da müasir dizaynda hazırlanmış, artıq burada teledərslərin də hazırlanmasına başlanılmışdır. Redaksiyanın yeni kanal35.az internet saytı və onun mobil tətbiqi də hazırlanmışdır. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Saytın istifadəyə verilməsi ilə televiziya və radionun tamaşaçı və dinləyiciləri veriliş və proqramlar haqqında məlumatları daha operativ şəkildə əldə edə biləcəklər. Rəhman Məmmədov yaradılan şəraitə görə redaksiyasının kollektivi və Təhsil Nazirliyi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək yeni studiyanın və internet saytının istifadəyə verilməsi ilə kollektivin yaradıcılıq imkanlarının genişlənəcəyini, muxtar respublika jurnalistikasının inkişafına öz töhfəsini verəcəyini bildirmiş, bunu Ali Məclis Sədrinin medianın və təhsilin inkişafına qayğısı kimi dəyərləndirmişlər. Sonra kanal 35.az saytının təqdimatı olmuşdur. Təqdimat zamanı Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov məlumat vermişdir ki, sayt radio və televiziya olmaqla, 1 əsas və 2 yan bölmə olaraq 56 alt bölmədən ibarətdir. Əsas menyuda “Haqqımızda”, “Təhsil”, “Verilişlər”, “Filmlər”, “Proqram” bölmələri yerləşdirilmişdir. Saytın əsas səhifəsində müasir formada slayder bölməsi hazırlanmışdır. Həmin bölmə verilişlərin təqdimatı barədə qısa informasiyaları əks etdirir. Əsas səhifədə “Canlı dinlə” və “Canlı izlə” bölmələri mövcuddur. “Canlı dinlə” bölməsinə klikləməklə birbaşa “Naxçıvanın səsi” radiosunun səhifəsinə keçid edərək radionun efir studiyasını canlı izləmək və radio proqramlarını dinləmək imkanı yaradılmışdır. “Təhsil” bölməsində 5 alt qrupda təhsil pillələrinə uyğun olaraq teledərslər yerləşdirilmişdir. “Təhsildə bu gün” alt bölməsində isə gün ərzində təhsillə bağlı materiallar operativ olaraq yenilənir. Saytın üstün cəhətlərindən biri də “Xəbər lenti” bölümündə ölkədə, muxtar respublikada, eləcə də dünyada baş verən operativ və mühüm xəbərlər yer alır. Sayt davamlı olaraq foto və video-xəbərlərlə zənginləşdirilir. Həmçinin, yeni saytın mobil telefonlar üçün interfeysi də müasir dizaynda hazırlanaraq bütün növ əməliyyat sistemləri və brauzerlərə uyğunlaşdırılmışdır. Sayt “SSL” təhlükəsizlik sertifkatına sahibdir və “firewall” təhlükəsizlik sistemi ilə qorunur. Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru çıxışının sonunda yaradılan müasir şəraitə, göstərilən dövlət qayğısına görə muxtar respublika rəhbərinə minnətdarlıq etmiş, redaksiya kollektivinin tədrisyönlü televiziya və radio kimi qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmkarlıq və səylə çalışağını vurğulamışdır. “Kanal 35” televiziyasının yenidən qurulan çəkiliş studiyasına baxış zamanı məlumat verilmişdir ki, müasir dizaynda hazırlanan çəkiliş studiyası yeni veriliş və proqramların hazırlanmasına imkan yaradır. İstifadəyə verilən yeni studiyada veriliş və proqramlarla bərabər teledərslərin də hazırlanması nəzərdə tutulur.