15 sentyabrda Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turnirinin qaliblərinə mükafatlar təqdim olunub. Bu münasibətlə təşkil olunan tədbirdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Daha sonra qonaqlar Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə keçirilən Bilik günü tədbirində iştirak ediblər. Tədbirdə çıxış edən Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin rəhbəri Valentin Denisov şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Sonra rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turnirinin qaliblərinə mükafatların təqdim olunması mərasimi başlayıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov çıxış edərək olimpiadanın təşkilinin əhəmiyyətindən bəhs edib.
Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin rəhbəri Valentin Denisov çıxışında qeyd edib ki, keçirilən olimpiadalar rus dili və ədəbiyyatının mənimsənilməsi və təbliği baxımından uğurlu nəticələr verməkdədir. Xüsusilə də gənclərin rus dilini öyrənmələrinin onların gələcək həyatlarında əhəmiyyətli rol oynayacağını vurğulayan Valentin Denisov bu istiqamətdə dövlətin göstərdiyi diqqət və qayğının təqdirəlayiq olduğunu deyib.
Diqqətə çatdırılıb ki, Azərbaycan məktəblərində rus dilinin tədris olunması iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı mədəni inkişafın göstəricisidir. Bu gün Naxçıvanda bütün sahələr kimi, təhsil də sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də muxtar respublikada mütəmadi olaraq belə olimpiadaların keçirilməsidir.
Tədbirdə Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova muxtar respublikada rus dili təhsilinə göstərilən qayğıdan danışıb. Təhsil ocağının müəllimi Ceyran İsmayılov və şagird Adil Seyidov təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonra qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.