24 avqust-12 sentyabr 2018-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balınıtoplayaraq işə qəbul edilən gənc müəllimlərləTəhsil Nazirliyində görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd etmiş və gənclərə göstərilən yüksək dövlət qayğısından danışmışdır.
Qeyd olunmuşdur ki, təhsilin keyfiyyəti gələcək nəsillərə bilik verən müəllimlərin səviyyəsindən asılıdır. Bu gün muxtar respublikada təhsil sahəsində görülən işlərdən biri də şagirdlərin bilik səviyyəsinin artırılmasında aparıcı rolu olan müəllim heyətinin seçilməsindəki yenilikdir. Yenilik isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydalar”ına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin müsabiqə yolu işə qəbuludur.
Vurğulanmışdır ki, ilkin mərhələdə Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə 165 vakant iş yeri müəyyənləşdirilmişdir.
17 iyul 2018-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 528 nəfər sənəd təqdim etmişdir.
24 avqust-12 sentyabr 2018-ci il tarixlərdə keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 45 müəllim işlə təmin olunur.
Vurğulanmışdır ki, stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 9 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir. Gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin təhsil müəssisəsində yaradılmış yüksək təhsil şəraiti və yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi nəticəsində mümkün olmuşdur. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızda həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsidir.
Sonra təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləritəbrik etmiş, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə etmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov çıxış edərək ümumtəhsil məktəblərində müəllimlərin əsas vəzifələri barədə məlumat verdi.
Gənc müəllimlər adından çıxış edən Sevinc Məmmədova həyata keçirilən uğurlu təhsil siyasəti, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirdi.
Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodiki vəsaitlər təqdim olundu.