Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib. Yaşı 14-dən yuxarı şəxslərin iştirak etdiyi marafon saat 1100 İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölü ətrafında başa çatıb. Yarışda iştirak üçün, ümumilikdə, iki mindən çox şəxs qeydiyyatdan keçib.
Bununla yanaşı, marafonda dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Həmçinin yarışa muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub. Məlumat üçün bildirək ki, marafon Olimpiya İdman Kompleksi, Xətai məhəlləsi, daha sonra Şıxmahmud və Xəlilli kəndlərindən keçərək Nəbatat bağı boyunca, oradan da Uzunoba gölü ətrafınadək marşrut xəttini əhatə edib. Yarışın fan zonası finiş nöqtəsində – marafon partisi təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar və sərin içkilər təqdim edilib. Sonra qadın və kişi kateqoriyaları üzrə qaliblərə pul mükafatları təqdim olunub. Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü-onuncu yerləri tutan şəxslərə “Naxtel” MMC-nin və “Badamlı” şirkətinin qiymətli hədiyyələri verilib. Qeyd edək ki, “Naxçıvan marafonu – 2022”yə yüzlərlə könüllü gənc dəstək göstərib.