Naxçıvan Müəllimlər İnstitutunda 2018-2019-cu tədris ilinin birinci yarısında əyani təhsil formasının IV kurs tələbələrinin ikinci pedaqoji təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib.
“Təhsildə sosial psixoloji xidmət” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları tələbələrinin iştirak etdiyi tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev bildirib ki, ali məktəbin 48 tələbəsi Naxçıvan şəhərindəki təhsil müəssisələrinə 8 həftəlik pedaqoji təcrübəyə göndərilir. Bu dəfəki pedaqoji təcrübələr Naxçıvan şəhərindəki 8, 10, 11 və 14 nömrəli məktəblərdə keçiriləcək. Konfransda iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, 2018-ci ilin birinci yarım ili ərzində Naxçıvan Dövlət Universitetindən 678, Naxçıvan Universitetindən 112 və Naxçıvan Müəllimlər İnstitutundan 149 olmaqla ümumilikdə 939 III və IV kurs tələbəsi ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçib. Naxçıvan şəhər ümumtəhsil məktəbləri ilə yanaşı Babək rayonunun Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də tələbələrin pedaqoji təcrübə keçmələri təmin olunub.
Pedaqoji təcrübə müddətində tələbələrə müasir yanaşma formaları, müəllim, şagird, valideyn əlaqələrinin yaradılması, şagirdlərlə psixoloji işin aparılması, ümumilikdə təhsil sahəsində mövcud olan yeniliklərin çatdırılması həyata keçiriləcək.
Tədbirdə pedaqoji təcrübənin təşkili və keçirilməsi, təcrübə zamanı pedaqoqun və psixoloqun vəzifələri barədə tədbir iştirakçılarına məlumat verilib.