Son illər muxtar respublikamızda aparılan uğurlu təhsil siyasətinin nəticəsidir ki, Naxçıvan məktəbliləri və tələbələr bu günlərdə qardaş Türkiyənin təşkilatçılığı ilə keçirilən 4 günlük festivalda fəal iştirak ediblər. Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı bulvar ərazisində keçirilən festivalda Naxçıvan Muxtar Respublikasının da nümayəndə heyəti iştirak edib.
Biz də “Şərq qapısı” qəzeti olaraq festival iştirakçılarının təəssüratlarını sizinlə bölüşürük. Məlumat üçün bildirək ki, festivalda qardaş Türkiyə Respublikasının rəsmi nümayəndə heyətilə yanaşı, ölkəmizdən də bir çox rəsmi şəxslər iştirak edirdi. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin Naxçıvanı təmsil edən komandaların layihələri ilə bağlı fikirlərini öyrəndik: “Sevinirik ki, naxçıvanlı şagird və tələbələrimiz də “Teknofest Azərbaycan” festivalında uğurla çıxış edirlər. Naxçıvan Muxtar Respublikasında təhsil üzrə verilən qərarlar bizi ürəkdən sevindirir. Çünki ən qısa zamanda Naxçıvanda STEAM dərsləri keçilməyə başlandı. Naxçıvanlı şagirdlər bu dərslərdən yaxşı nəticələr əldə etdilər. İnanırıq ki, Naxçıvan məktəbliləri gələcəkdə də belə festivallarda yaxşı layihələrlə iştirak edərək daha uğurlu nəticələr qazanacaqlar”. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Murad Babayev: – Naxçıvan məktəbliləri 3 aya yaxındır ki, bu festivala hazırlaşır. Gözəl nəticələr əldə etdilər. 3 ay müddətində üç mərhələli müsabiqələr təşkil olundu. Məktəblilərimiz yüksək qiymətləndirilərək öz layihələriylə festivala iştirak hüququ qazandılar. Biz bu gün üç komanda şəklində festivalda iştirak edirik. Düşünürəm ki, bu festival şagirdlərimizə böyük bir təcrübə qazandıracaqdır. Onlar həm elmi, həm texniki tərəfləri daha dərindən öyrənmək imkanı əldə edəcəklər. Texnologiyaya maraqları daha çox artacaq. Qeyd edim ki, Naxçıvan məktəbliləri bundan əvvəl də keçirilən ölkə səviyyəli yarışlarda, robotexnika, STEAM layihələrində də yüksək nəticələr əldə ediblər. İnanıram ki, sonuncu müsabiqədə də uğurlu nəticə qazanaraq Naxçıvana qalib adı ilə qayıdacaqlar. Culfa Rayon Təhsil Şöbəsinin metodisti Fuad Babayev: – Culfa şəhər 3 nömrəli tam orta məktəbin 3 şagirdinin “Yol təhlükəsizlik sistemi” adlı layihəsi ilə festivala qoşulmuşuq. Festivalda Naxçıvanı 7 şagird təmsil edir. Əlavə olaraq, layihə rəhbəri kimi 3 müəllim 3 layihə ilə – “Kəşf robotu”, “Yol təhlükəsizlik sistemi” və “Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi” layihələri ilə iştirak edirlər. Bu gün bu layihələr insanlar üçün yararlı bir layihədir. Buraya gələn bütün tamaşaçılar bizim layihələrimizə böyük maraqla baxırlar. Şagirdlərimiz də öz ideyaları üzərində qurulan layihələri haqqında tamaşaçılara düzgün şəkildə məlumat çatdırırlar. Culfa şəhər 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Turan Əlisoy: – Biz bu layihəyə “Young İnventers” komandası olaraq qatılmışıq. Layihəmizin adı “Yol təhlükəsizlik sistemi”dir. Bu sistemin əsas mahiyyəti kəskin dönüşü olan yollarda, dağ ətəklərində qəzaların qarşısını almaqdan ibarətdir. Bu gün final mərhələsində iştirak edirik. Ümidvaram ki, Naxçıvana sevinclə qayıdacağıq. Naxçıvan Qızlar Liseyinin 8-ci sinif şagirdi Səidə Əliyeva: – Bu gün “Teknofest Azərbaycan” festivalında “Analitik” komandasının üzvü olaraq iştirak edirəm. Layihəmiz “Avtomatik qidalandırıcı qurğular”dır. Layihəmizin əsas məqsədi insan əli toxunmadan heyvanların qidaya olan ehtiyacını ödəməkdir. Ümid edirik ki, yarışmada yer tutub Naxçıvanımıza qalib kimi geri dönəcəyik. Naxçıvan Qarnizonu tam orta məktəbinin 9-cu sinif şagirdi Oğuz Nəcəfli: – Mənim layihəm kəşfiyyat robotudur, hərb sahəsində istifadə olunur. Bu da ona bir çox üstünlük verir. Kəşfiyyat robotunun əsas funksiyalarından biri onun üzərindəki kameranın 180 dərəcə dönə bilməsi və görüntü götürərək onlayn şəkildə mərkəzə ötürə bilməsidir. Bundan əlavə, robot qarşısına çıxan hər hansı bir partlayıcı cihazı və ya metalı aşkar edə bilir. Onu da qeyd etmək istərdim ki, festivalda iştirak etmək bu sahəyə marağımı daha da artırdı. Çalışacağam ki, yeni və əhəmiyyətli layihələr üzərində işləyərək daha böyük layihələrdə iştirak etmək hüququ qazanım. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Kamal Qafarov: – Bu tədbiri muxtar respublikamızdan təmsil edən “Analitik” komandasının kapitanıyam. Bu möhtəşəm festivala kənd təsərrüfatına, aqrar sahəyə yararlı olacaq bir layihə ilə qatılmışıq. Festivalda iştirak etdiyim üçün çox sevincliyəm. İnanırıq ki, layihəmiz festivalda yer tutacaq. Təşkilatçılara minnətdarlığımı bildirirəm. “Naxçıvan” Universitetinin Kompüter mühəndisliyi üzrə I kurs tələbəsi Oğuz Məmmədov: – Festivalda Kompüter mühəndisliyi ixtisasının tələbələrinin ixtirası olan dron nümayiş edilir. Dron uçmaqla yanaşı, hərbi və karqo məqsədlidir. Onun funksiyası təhlükəli ərazilərdə olan minaların aşkarlanmasında və onların təsbit olunmasından ibarətdir. Digər funksiyası isə şəhərdaxili karqo xidməti göstərməkdir. Karqo xidməti dronun aşağı hissəsinə yerləşdirilən platforma vasitəsilə yerinə yetirilir. Düşünürəm ki, insan əməyinin yüngülləşdirilməsi və enerjiyə qənaət baxımından bu texnologiya əlverişlidir. Biz də festivalda məktəblilərimizin əhəmiyyətli uğur qazanacağına böyük ümidlə onlara müvəffəqiyyət arzu edirik. - Gülcamal TAHİROVA