Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxıb.
Bildirilib ki, Miniatür Kitab Muzeyində 1025 miniatür kitab, foto və diplomlar nümayiş etdirilir. Muzeydə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətlərini əks etdirən, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində mühüm tarixi hadisələr haqqında kitablar yer alır.
Ali Məclisin Sədri miniatür kitabların çapı barədə tapşırıqlar verib.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Rəsm Qalereyasındakı əsərlərə də baxıb. Məlumat verilib ki, qalereyada yerli xə xarici rəssamların 59 rəsm əsəri sərgilənir. Ekspozisiya zalında natürmort, portret, peyzaj, qrafika, abstrakt və digər janrlarda çəkilmiş əsərlər nümayiş olunur. Xalq rəssamlarından Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Hüseyn Əliyevin, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun və digərlərinin əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini əks etdirir.
Ali Məclisin Sədri qalereyanın yeni əsərlərlə zənginləşdirilməsi barədə tapşırıqlar verib.