İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu il buğdanın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur. Görülən işlərə baxmayaraq taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmayıb. Xüsusən aqrotexniki qaydalara ciddi əməl edilmir. Nəticədə məhsuldarlıq aşağı düşür. Bunların da qarşısı alınmalıdır. Bu gün o ölkələr problem yaşayırlar ki, orada ərzaq və enerji təhlükəsizliyi, sabitlik təmin edilməyib. Lakin ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, muxtar respublikada da ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Qarşıda duran əsas vəzifə muxtar respublikada strateji məhsul olan taxıl istehsalını artırmaqdır.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, məhsul istehsalçılarına subsidiyaların, mineral gübrələrin, kimyəvi dərmanların, güzəştli kreditlərin verilməsi, müasir meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana komplekslərinin yaradılması, taxıl və soyuducu anbarların həcminin artırılması nəticəsində əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilib. Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Bu il muxtar respublika üzrə əkin sahələrində aparılan müşahidələr göstərir ki, taxıl zəmilərində bol məhsul yetişdirilib. Elşad Əliyev kənd təsərrüfatı sahəsində yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru Əbülfət Əhmədov və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə aidiyyəti üzrə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri sırasında taxıl istehsalı xüsusi yer tutur. Taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır, bu sahəyə dövlət dəstəyi ilbəil artırılır. Hazırda muxtar respublikada ümumi tutumu 27 min ton olan taxıl ehtiyatı anbarı, 14 taxıl emalı müəssisəsi və 6 su dəyirmanı fəaliyyət göstərir. Həmçinin daxili bazarın qorunması, texnika və toxum təminatı, mütərəqqi suvarma şəbəkələrinin qurulması, subsidiyaların və gübrələrin verilməsi taxılçılıqla məşğul olanlar üçün geniş imkanlar açıb. Taxıl istehsalının artırılmasının digər bir səbəbi də buğda və arpanın sərfəli qiymətlərlə alınmasıdır. Naxçıvan Muxtar Respublikasının torpaq balansına əsasən kənd təsərrüfatına yararlı torpaqların 36 faizi, yəni 64 min hektardan çoxu əkin altındadır ki, bunun da 82 faizi - 52 min hektardan çoxu suvarılan sahələrdir. Muxtar respublikanın əkin strukturunda taxıl sahələri ümumi əkilən ərazilərin 52 faizini təşkil edir. Bu da onu deməyə əsas verir ki, taxılçılığın inkişafına əkin sahələrinin genişləndirilməsi ilə deyil, məhsuldarlığın artırılması yolu ilə nail olmaq lazımdır.
Ümummilli liderimiz Heydər Əliyevin “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq” fikirlərini xatırladan Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: Ulu öndərin tövsiyələrinə uyğun olaraq muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafı bundan sonra da aid qurumlar tərəfindən diqqətdə saxlanılmalı, məhsuldarlıq artırılmalıdır. Taxıl istehsalında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, elit və yüksək reproduksiyalı toxumlardan istifadə mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın toxuma olan illik tələbatını müəyyənləşdirməli, “Araz” Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatlarında və Naxçıvan Toxumçuluq Mərkəzində məhsuldar toxum sortları yetişdirilməli, torpaq mülkiyyətçiləri sertifikatlaşdırılmış toxumlarla təmin olunmalıdırlar.
Ali Məclisin Sədri deyib: Dəmyə əkininin böyük iqtisadi əhəmiyyəti vardır. Muxtar respublikada taxılçılıqda dəmyə üsulundan istifadə qarşıda duran əsas vəzifələrdəndir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti muxtar respublika üzrə dəmyə əkin sahələrinin xəritəsini hazırlamalı, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri isə tam şəkildə əkinini aparmalıdırlar. Taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığın yüksəldilməsidir. Lakin bəzi hallarda müşahidə edirik ki, eyni torpaq və iqlim xüsusiyyətlərinə malik ərazilərdə əkin aparılmasına baxmayaraq, istehsal olunmuş taxılın həcmi sahənin potensial imkanlarından aşağıdır. Ötən il Şərur rayonunda hektardan həm 65-70 sentner, həm də 13 sentner məhsul götürən torpaq mülkiyyətçiləri olmuşdur. Taxıl sahələrinin normadan artıq və ya az suvarılması da məhsuldarlığı aşağı salır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri taxıl əkini sahələrinə suyun aqrotexniki normalarda verilməsini təmin etməli, şoranlaşmaya qarşı tədbirlər görülməli, torpaqların münbitliyi artırılmalıdır.
“Taxılın istehsalı ilə yanaşı, emalı proseslərinə də nəzarət olunmalıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin keyfiyyətli una olan tələbatının ödənilməsi üçün taxıl emalı müəssisələrində və satış mərkəzlərində texnoloji proseslərə, məhsulun saxlanılma şəraitinə nəzarət etməlidir. 2022-ci ildə Naxçıvan şəhərində 16, Şərur rayonunda 1302, Babək rayonunda 728, Ordubad rayonunda 55, Culfa rayonunda 1949, Kəngərli rayonunda 3508, Şahbuz rayonunda 294, Sədərək rayonunda 421 hektar olmaqla, ümumilikdə 8273 hektar əkinəyararlı torpaqda əkin aparılmayıb ki, bunun da 4230 hektarı bələdiyyə, 1336 hektarı dövlət, 2707 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti verilmiş tapşırıqların icrasını diqqətdə saxlamalı, görülən işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.
Sonra Ali Məclisin Sədri muxtar respublika üzrə taxıl biçininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, bu ilin məhsulu üçün 32 min 567 hektarda payızlıq taxıl əkini keçirilib ki, onun 21 min 369 hektarını buğda, 11 min 198 hektarı arpadır. 899 hektarda yazlıq taxıl əkini keçirilib ki, onun da 9 hektarını buğda, 890 hektarını isə arpa əkinləri təşkil edir. Əkinlərin 908 hektarı dəmyə sahələrdir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 93 taxılbiçən kombayn, 690 traktor, eləcə də digər texnika və avtomobillər hazır vəziyyətə gətirilib, zəruri ehtiyat hissələri alınıb. Bundan başqa, Naxçıvan şəhərində ehtiyat hissələrin satışı bazarı və mağazalarda da lazım olan hissələr mövcuddur. Biçində iştirak edəcək kombaynların 9-u “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 7-si “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsə, 77-si isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır. Həmçinin muxtar respublika ərazisində taxıl biçini dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün Daxili İşlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri tərəfindən biçinə cəlb olan kombaynlarda yanğın-texniki müayinələr aparılmışdır. Eyni zamanda intensiv biçin aparılan sahələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 12 yanğınsöndürmə qrupu xidmət aparır.
“Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində “Qobustan”, “Əhmədağa”, “Konya-2002”, “Fatimə”, “Bayraqdar”, eləcə də “Əzəmətli-95” alçaqboylu hibrid buğda, “Qarabağ-22”, “Qarabağ-33” arpa toxum sortlarından istifadə olunub. Payızlıq taxıl əkinlərində alaq otlarına qarşı qranstar, topik, puma super, xəstəliklərə qarşı toxumun dərmanlanması üçün rubin preparatlarından, şum altına isə superfosfat, qarışıq gübrə, yaz aylarında isə taxılın inkişafı üçün karbamid gübrəsi verilir.
Sonra Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyinin əməkdaşlarına təşəkkür edib.
Ərazidə sınaqdan keçirilən toxum sortlarına da baxış olub, 0,7 hektar ərazidə 95 toxum sortunun sınaqdan keçirildiyi bildirilib.
Ali Məclisin Sədri müşavirənin şəhər və rayonlar üzrə də keçirilməsi barədə tapşırıqlar verib.