Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbər seçiləndə Azərbaycan ozamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. İqtisadi potensialına baxmayaraq, mütərəqqi yanaşmalar olmadığından heç bir irəliləyişə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir neçə il sonra SSRİ-də ən qabaqcıl respublikaya çevrildi. Müasir texnika və texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, müasir təsərrüfatçılıq ənənələrinin formalaşdırılması və bir sıra köklü islahatlar qısa müddətdə respublikanı aqrar regiondan aqrar-sənaye regionuna çevirdi. Ümumilikdə ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istifadəyə verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Keçmiş ittifaqın 170 aparıcı elm və təhsil ocağına 15 mindən çox azərbaycanlı gənc təhsil almağa göndərilmişdir. Bundan əlavə, 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Buna görə də ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Eyni zamanda 70-ci illərdə paytaxt Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bir çox bölgələrində elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. Təkcə, 1970-1982-ci illərdə Azərbaycandakı sənaye müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi.
Xalqımızın ümummilli lideri həmin illərdə Azərbaycanın tarixi və mədəniyyətinə, elm və təhsilinə də böyük qayğı göstərmiş, mühüm addımlar atmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdır. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə ölkəmizdə 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Dahi və uzaqgörən şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Təsadüfi deyil ki, ümummilli liderin həmin dövrlərdə başladığı hərbi quruculuq prosesi müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin hərbçi kadrlarla təminatında böyük rol oynamışdır.
Ulu öndər Heydər Əliyev xalqımızın milli kimliyi olan ana dilimizin inkişafını da diqqətdə saxlamış, bütün SSRİ məkanında rus dilinin hakim və rəsmi dil olduğu zaman böyük cəsarət göstərərək Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir addımın atılması böyük risk, cəsarət və qətiyyət tələb edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “1969-cu il iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və güclü siyasi iradə sahibi olan möhtərəm Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. Ulu öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə Azərbaycanın özünə qayıdışına hesablanmışdı”.
XX əsrin 70-ci illərinə qədər Naxçıvan Muxtar Respublikasında da çox ağır sosial-iqtisadi vəziyyət hökm sürürdü. Hətta Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olmuşdur. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmiş, aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə artmış, Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına qarşılaşdıqları çətinliklərə sinə gərə bilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk... Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, onu əsl müstəqilliyinə qovuşdurmuşdur. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır. Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 70 ildən sonra üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılmış, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməmiş, digər tərəfdən isə qonşu ölkələrlə münasibətlərə üstünlük verilmiş, xarici iqtisadi əlaqələr yaradılmışdır. 1993-cü ildə ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış və bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazılmışdır. Eyni zamanda bu qayıdış ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsinə, ölkəmizin təlatümlər burulğanından xilas olmasına, müstəqilliyimizin qorunub saxlanmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, möhkəm ictimai-siyasi sabitliyin yaradılmasına, Azərbaycanın iqtisadi inkişafına böyük təkan verən “Əsrin müqaviləsi”nin imzalanmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir istehsal müəssisələrinin qurulmasına, infrastrukturun yenilənməsinə şərait yaratmışdır. Dahi rəhbərin fəaliyyəti təkcə iqtisadi sahələrlə məhdudlaşmamış, milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində də böyük addımlar atılmış, tarixdə ilk dəfə olaraq dünya azərbaycanlılarının həmrəylik konsepsiyası hazırlanaraq uğurla həyata keçirilmişdir. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir” .
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Bütün sahələr üzrə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan 2020-ci ildə erməni işğalı altında olan torpaqlarımızı 44 gün ərzində azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Ölkə başçısının səsləndirdiyi “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” sözləri həm də ulu öndərin “Biz o torpaqlara qayıdacağıq!” arzusunun reallığa çevrildiyinin təsdiqi idi.
Heydər Əliyev yolu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişaf yoluna çıxarıb. Bir zamanlar düşmən təcavüzü ilə, iqtisadi çətinliklərlə üz-üzə qalan Naxçıvan bu gün iqtisadi artım templərinə görə ölkəmizin lider regionuna çevrilib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda yeniləşən şəhər və kəndlərimiz, müasir infrastruktur, ən əsası sabitlik və təhlükəsizlik Naxçıvanı Azərbaycanın ən gözəl, cazibədar diyarına çevirib. Bu gün artıq 90-cı illərdən fərqli olaraq muxtar respublikanın sərhədləri müasir hərbi silahlarla təchiz olunun güclü ordumuz tərəfindən qorunur, torpaqlarımız etibarlı müdafiə olunur, yeni istehsal və xidmət sahələri açılır, hərtərəli inkişaf hər addımda hiss olunur. Nəticədə yeni iş yerləri yaranır, məskunlaşma artır, muxtar respublikaya gələn turistlərin sayı çoxalır.
Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu öndər Heydər Əliyevin də ömür yolu, əslində Azərbaycanın bir qərinəlik tarixidir. 1969-cu ilin 14 iyulundan yazılan bu tarix isə xalqımızın milli qurtuluş, inkişaf və tərəqqi salnaməsinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”