Bu inkişafın təməlində ümummilli liderin əbədiyaşarlığı və müdrik siyasəti dayanır.Hər bir xalqın tarixində elə günlər var ki, mahiyyət və dəyərinə görə xüsusi önəm daşıyır, özünün müstəsna dərəcədə böyük əhəmiyyətini zaman-zaman hifz edir. Azərbaycan tarixinin səhifələri də belə şərəfli və müqəddəs günlərlə zəngindir. Lakin elə günlər var ki, məna və mündəricə baxımından hüdudsuz möhtəşəmliyə malikdir. 14 iyul 1969-cu il kimi... Bu tarixi böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycançılığın, milli dövlətçiliyin mövcudiyyət günü kimi yaddaşlarda əbədiləşdirdi.
1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası ümummilli liderin Azərbaycana rəhbərliyinin, xüsusilə ikinci dövründə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Dahi öndər Naxçıvanı düçar olduğu bir çox bəladan, xüsusilə də informasiya və telekommunikasiya blokadasından xilas etdi. Görülən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika əhalisiAzərbaycan televiziyasının proqramlarını izləmək imkanı əldə etdi, Naxçıvanda fəaliyyət göstərən televiziya və radionun yayım imkanları genişləndirildi. 2004-cü ilin 14 iyul tarixi isə muxtar respublikanın həyatında əhəmiyyətli və unudulmaz bir hadisə kimi yadda qaldı. Məhz dahi öndərin siyasi hakimiyyətə gəlişinin 35 illiyi münasibətilə yaradılan “Kanal 35” televiziyası fəaliyyətə başladı. “14 iyul tarixi Naxçıvan teleməkanında əlamətdar hadisədir. Çünki ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 35 illiyi Naxçıvan tamaşaçılarının yaddaşında “Kanal 35” müstəqil televiziya studiyasının fəaliyyətə başladığı gün kimi qalacaq. Bu gün elmi-publisistik proqramlar yayan birteleviziya açılır. Naxçıvan Dövlət Universiteti, Özəl Universitet, Müəllimlərİnstitutu,Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, texnikumların ziyalı təbəqəsinin, burada oxuyan gənclərimizin belə bir elmi-publisistik televiziyaya ehtiyacı var idi.” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu dəyərli fikirləri səsləndirdiyi həmin gündən – televiziyanın açılıştədbirindən 18 il ötür. Bir vaxtlar 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayan ölkəmizin ilk təhsil televiziyası hazırda hər gün 8 saatlıq proqram buraxılışı ilə müstəqil kanalda yayım həyata keçirir. Son illər muxtar respublikada təhsilin yeni dövrün tələblərinə paralel şəkildə inkişafı diqqət mərkəzində saxlanılır. Bu, bir faktdır ki, doğma diyarımızda həyata keçirilən quruculuq tədbirləri içərisində ən böyük payı təhsil müəssisələrinin yenilənməsi və yeni məktəb binalarının tikintisi tutur. Xatırladaq ki, son dövr ərzində 200-dən çox təhsil müəssisəsinin müasirstandartlara uyğun tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi, onların yeni avadanlıq, o cümlədən informasiya kommunikasiya texnologiyaları ilə təmin olunması, zamanın tələblərinə cavab verən, nüfuzlu təhsil metodlarının – STEAM, distant və innovativ təlimlərin tədrisi, birsözlə, təhsilin muxtar respublikada yüksələn xətlə inkişafı ölkənin ilk maarifçilik və tədrisyönümlü müstəqil kanal üzərində yayımlanan televiziya və radiosunun yaradılmasını da zərurətə çevirdi. Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio VerilişləriRedaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verildi. 2021-ci il yanvarın 1-dən etibarən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramları hazırlayan teleradio yayımçısı olaraq fəaliyyətini davam etdirməyə başladı. Bu, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla yanaşı, təhsilin informasiyalaşdırılmasında da yeni bir mərhələnin başlanğıcı oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi “Ümummilli liderimiz möhtərəm Heydər ƏliyevAzərbaycanda rəhbər işlədiyi dövrlərdə gənclərin savadlanmasına fikir verir, bu sahədə ardıcıl tədbirlər həyata keçirirdi. Bu gün açılan televiziya da həmin müqəddəs mərama xidmət edəcəkdir” fikirləri bu gün “Kanal 35” televiziyasının əsas fəaliyyət istiqamətidir. Naxçıvanda ilk dəfə keçirilən “STEAM təhsil festivalı”nda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yaradıcı kollektivimizə verdiyi tapşırıqlardan, qarşımıza qoyduğu əsas tələblərdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, Vətənini, torpağınısevən, dövlətçiliyə sədaqətli, elm və biliklərə dərindən yiyələnən gəncliyin formalaşması istiqamətində proqram siyasətinin həyata keçirilməsidir. Bu gün “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışır. Muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərərək təhsillə bağlı televiziya və radio proqramlarının yayımını həyata keçirir, gənclərin intellektual, fiziki və mənəvi inkişafında böyük rol oynayan verilişlər hazırlayır, tamaşaçı və dinləyicilərin asudə vaxtının səmərəli təşkili üçün rəngarəng təqdimatlar nümayiş etdirir. Hazırda redaksiyada hər bir təhsil pilləsinə uyğun verilişlər, innovativ təlim metodlarına uyğun teledərslər, tariximizi, mədəniyyətimizi əks etdirən, görkəmli şəxsiyyətlərlə bağlı maarifləndirici teleradio proqramları hazırlanaraq yayımlanır. Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə redaksiya tərəfindən 800-dən artıq tədrisyönümlü videomaterial hazırlanaraq efirə təqdim olunub. Bu gün hər bir şagird müasir dövrün tələblərinə uyğun, hərtərəfli inkişaf etmək üçün radio və televiziyanın bütün imkanlarından istifadə edir.Televiziyada hazırlanan teledərslərin, açıq və innovativ, eləcə də peşəyönümlü tədris materiallarının vahid bir platformadan təqdim edilməsi təhsilalanlar üçün bu imkanları daha əlverişli və operativ əldə etmək şəraiti yaradır. Teleradionun bütün sosial şəbəkə platformalarındakı fəallığı, hazırlanan hər bir materialın həmin hesablarda operativ şəkildə paylaşılması şagird və müəllimlərlə yanaşı, eləcə də təhsil ictimaiyyətinin bu informasiyaları rahat əldə etmələrinə şərait yaradır. Qlobal cəmiyyətdə baş verən bəzi hadisələri nəzərdən keçirdikdə bir daha məlum olur ki, zamanın tələbinə uyğun addımların atılması günümüzün əsasreallıqlarındandır. Dünyada hökm sürən pandemiya və özü ilə bərabər gətirdiyi məhdudiyyətlər onu göstərdi ki, bizim cəmiyyət bu prosesə əvvəlcədən hazır idi. Dövlətimizin innovativ tədris sisteminin tətbiqi sahəsində həyata keçirdiyi tədbirlər, məktəblərin müasir İKT ilə təminatı distant tədrisə keçid üçün əsaslı baza rolunu oynadı. Muxtar respublikada ölkənin ilk tədris və maarifçilik kanalının yaradılması da bu sahədə qurulan müasir infrastrukturun mühüm nəticələrindən biri kimi atılan vacib addımlardan biridir. Bu gün artıq təhsil profilli telelayihələr, açıq və interaktiv dərslərin yayımı muxtar respublikada təhsil yenilikləri, həyata keçirilən təhsil islahatları və təhsil quruculuğu televiziyanın əsas yaradıcılıq istiqamətini təşkil edir. Televiziya efirində yayımlanan “Təhsildə bu gün”, “Təhsilə dair”, “Mütaliə vaxtı”, “Məktəbdən səngərə”, “Bir dəqiqədə elm”, “Bir müəllim hekayəsi”, “Uğur yolu”, “İmtahana doğru”, “Ailə və uşaq”, “Sağlam gələcək” verilişləri muxtar respublikanın təhsil ictimaiyyətinin, şagird və tələbə kontingentinin marağını cəlb etməyi bacarıb, daim izlənilən verilişlər sırasında yer alıb. Redaksiyanın yaradıcı əməkdaşları və nümunəvi müəllimlər tərəfindən hazırlanan bu layihələr şagirdlərə tariximizin, mədəniyyətimizin aşılanmasında, ən əsası gənc nəslin vətənpərvərlik, eləcə də tarixi-mədəni irsimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Ölkədə ilk dəfə olaraq təhsil radiosu kimi fəaliyyət göstərən “Naxçıvanın səsi” də yeni layihələrlə dinləyicilərin diqqət və marağına səbəb olub. “Məktəb illəri”, “Salam, Naxçıvan”, “Nazilənin kitab rəfi”, “Şənbə söhbətləri”, “Həyatımı dəyişən üç kitab” radioverilişləri, əsasən, elmə, biliyə marağı olan dinləyicilərin dünyagörüşünün artırılmasında və məktəblilərin intellektual düşüncəsinin formalaşmasında böyük rol oynayır. Muxtar respublikanın aparıcı media qurumlarından olan təhsil televiziyasının www.kanal35.azsaytı da müasir inkişaf yolu keçib, aprel ayının sonlarından etibarən tam yenilənmiş və təkmilləşdirilmişşəkildə fəaliyyət göstərir. Dizayn, məzmun, istifadəçi rahatlığı və texniki imkanları baxımından müasirstandartlara tam cavab verən sayt vasitəsilə teleradio layihələri, muxtar respublikada təhsil sahəsində baş verən ən son hadisələr, bu sahədə əldə edilmiş uğurlar daha geniş tamaşaçı və dinləyici kütləsinə çatdırılır. Bu da televiziyanın və radionun informasiya resursu kimi imkanlarını artırmaqla ölkənin digər bölgələrində də təhsilalanların bilik və bacarıqlarının inkişafına öz töhfəsini verir. Göstərilən diqqət və qayğının davamı kimi redaksiyaya müasir montaj kompüterləri, kameralar, mikrofonlar və teleradio avadanlıqları alınıb, studiyalar yenidən qurulub. Yeni avadanlıqlar əməkdaşların yaradıcılıq imkanlarının genişləndirilməsi və fəaliyyətin gücləndirilməsinə öz töhfəsini verib. Televiziya və radio elə birsahədir ki, daim yenilik və müasir yanaşma tələb edir. Bu baxımdan “Kanal 35” televiziyasının yenidən qurulan çəkilişstudiyası, “Naxçıvanın səsi” radiosunun isə efirstudiyasının müasir dizaynda hazırlanması burada yeni veriliş və proqramların ərsəyə gəlməsinə, eləcə də teledərslərin vizual baxımdan daha keyfiyyətli hazırlanmasına imkanlar yaradır. Bütün bunlar bir daha onu göstərir ki, Naxçıvanda həm təhsilin, həm də media işinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzindədir. Çünki hər iki sahə müstəqillik illərində böyük inkişaf yolu keçib. Bu inkişafın təməlində isə ulu öndər Heydər Əliyevin parlaq zəkası, siyasi xətti dayanır. Təhsil televiziyası və radiosu olaraq bu media qurumunun dahi şəxsiyyətin hakimiyyətə gəlişinin 35-ci ildönümündə yaradılması bu gün hər bir əməkdaş üçün böyük öhdəlik və məsuliyyət deməkdir. “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu kollektivi olaraq qarşımızda mühüm vəzifələr dayanır. Onlardan ən əhəmiyyətlisi isə yaradılan şəraitdən səmərəli istifadə edərək gələcəyimiz olan gənclərin intellektli, bilikli və dünyagörüşlü formalaşmasına töhfə verməkdir. Çünki televiziya və radio medianın aparıcı qollarından biri kimi mühüm missiyaya – maarifləndirmə funksiyasına malikdir, böyük kütləyə xitab edir, geniş auditoriyaya çatdırılır. Fürsətdən istifadə edib “Şərq qapısı” qəzeti vasitəsilə bu auditoriyanın əsas simalarından olan təcrübəli pedaqoqlarımızı, gənc müəllimlərimizi təhsil televiziyası və radiosu ilə yaxından əməkdaşlığa və redaksiyanın yaradıcı imkanlarından istifadə etməyə çağırırıq. Çünki güc birlikdədir. Gəlin muxtar respublika təhsilinin müasir simasını birlikdə tarixiləşdirərək Naxçıvanın təhsil salnaməçisinə çevrilək!
Ramal MƏMİŞOV Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru