Uşaq və yeniyetmələrin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Təbii ki, bu inkişafda insanın fiziki sağlamlığı da mühüm rol oynayır. Sağlamlığın qorunması üçünsə uşaqları mütləq idmana cəlb etmək lazımdır. Ona görə də ölkəmizdə və muxtar respublikamızda bu sahəyə xüsusi qayğı göstərilir. Çünki fiziki sağlamlıq vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edir. İdman isə fiziki sağlamlığın əsas amillərindən biridir. Bu sahə ilə məşğul olan uşaqlar dözümlü, iradəli olur, Vətənin müdafiəsində cəsarətlə iştirak edirlər. Bu mənada, Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərimizin idmanla məşğul olması üçün yaradılan şərait onların gələcəyi üçün təminatdır. Ümumiyyətlə, gənclər adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Ona görə də muxtarrespublikamızda bu qüvvənin fiziki və mənəvi sağlamlığı daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 14 fevral 2020-ci il tarixli “2020- 2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası istiqamətində görülən işlər də, bu mənada, muxtar respublikamızda idmanın inkişafına böyük təkan vermişdir.
Muxtar respublikamızda istedadlı uşaq və gənclərin üzə çıxarılmasına da xüsusi diqqət yetirilir, bu istiqamətdə dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusi yaradıcılıq potensialı və qabiliyyəti ilə seçilən uşaqlar daim diqqət mərkəzində saxlanılır, adları gənc istedadların “Qızıl kitabı”na yazılaraq onlara xüsusi təqaüdlər verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iyulun 18-də “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayeva kikboksinq idmanı, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarov isə STEAM təhsili üzrə xüsusi təqaüdə layiq görülüblər. Hər iki gəncin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb. Adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılan və xüsusi təqaüdə layiq görülən Röya Abdullayeva 2008-ci ildə Naxçıvan şəhərində anadan olub. O bu il Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin səkkizinci sinfini bitirib. Dərslərini çox yaxşı oxuyan Röya məktəbin idman zalında yaradılan şəraitdən istifadə edərək həm də idmanla məşğul olur. Onda idmana olan marağı atası – tanınmış idmançı, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının sədri, Azərbaycan Respublikasının universal döyüş üzrə idman ustası, universal döyüş üzrə dünya ikincisi, Avropa və Azərbaycan çempionu, həmçinin MMA (qarışıq döyüşsənətləri) üzrə muxtar respublika çempionu olan Xəyal Abdullayev yaradıb. İdman dərslərində fəal olan Röya boş vaxtlarında Naxçıvan şəhərində fəaliyyət göstərən “Turan” döyüş klubunda atası ilə birgə məşq edir. 5 ildir ki, atasından kikboksinqin sirlərini öyrənən Röyanın da uğurları az deyil. O, 2017-ci ildə MMA üzrə keçirilən Naxçıvan şəhər birinciliyinin qalibi olub. 2018-ci ildə keçirilən və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turnirində 8-12 yaşa qədər idmançılar arasında 25 kiloqram çəki dərəcəsində mübarizə aparıb və qalib olub. Elə həmin il sentyabr ayının sonlarındaBakıda keçirilən MMAüzrəAzərbaycan çempionatında 25 kiloqram çəki dərəcəsində öz həmyaşıdları ilə rinqə çıxan Röya ilk dəfə Azərbaycan çempionu adına layiq görülüb. 2019-cu ildə pankration və qrapplinq üzrə açıq Bakı çempionatında qızıl və gümüş medal qazanan istedadlı idmançımız bir ilsonra kikboksinq üzrə Azərbaycan çempionatının, 2021-ci ildə isə pankration və qrapplinq üzrə açıq Bakı çempionatının qalibi olub. Göründüyü kimi, Röya Abdullayeva idmanla məşğul olduğu bu beş ildə gənc istedad kimi kifayət qədər tanınıb. Hazırda onun perspektivi olduqca yüksək qiymətləndirilir. Ötən ilin sonlarında qazandığı uğur da bunu deməyə əsas verir. Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında qızlar arasında 12-13 yaş kateqoriyasında 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Röya Abdullayeva klassik və layt versiyaları üzrə qalib olaraq 2 qızıl medal qazanıb. Qazanılan bu uğuru daha əhəmiyyətli edən bir məqam da var – Röya bu böyük nəticə ilə adını Naxçıvan idmanı tarixinə dünya çempionu olan ilk qız idmançı kimi yazdırmağı da bacarıb. O, ötən il dekabr ayının 28-də idman sahəsində qazandığı uğurlara görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunub. Gənc idmançımızın uğurları bununla bitmir. O bu ilAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirində inamlı mübarizə apararaq 52 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb. Bundan əlavə, əldə etdiyi uğurlara görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla mükafatlandırılıb. Röyanın atası, həm də müəllimi Xəyal Abdullayev deyir ki, hər bir idmançını böyük arenalara aparan yol uşaq idmanından başladığı üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda uşaq idmanına xüsusi qayğı göstərilir. Uşaqların fiziki inkişafında, vətənpərvər ruhda böyüməsində böyük rol oynayan idmanın inkişafı vacib məsələlərdən biri kimi muxtar respublika rəhbərinin daim diqqət mərkəzindədir. İndi Naxçıvanda yaradılan idman cəmiyyətləri, idman növləri üzrə fəaliyyət göstərən federasiyalar, təhsil ocaqları bu inkişafa öz töhfələrini verirlər. İdmanın inkişafında döyüş klublarının da rolu böyükdür. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən “Turan” döyüş klubunda da təcrübəli məşqçilər tərəfindən uşaq və gənclərə idmanın sirləri aşılanır. Belə döyüş klubları yeniyetmə və gənclərə müxtəlif idman növlərinin sirlərini aşılamaqla yanaşı, həm də gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır. Röya da məhz belə bir döyüş klubunun yetirməsidir. Onun idmanla ciddi məşğul olması gələcəkdə yaxşı bir idmançının yetişəcəyinə böyük inam yaradır. Əvvəllər muxtar respublikamızda idmanın döyüş növləri ilə məşğul olan qadın idmançılar, demək olar ki, yox səviyyəsində idi. Lakin Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə bu sahədə böyük bir irəliləyiş əldə edilmişdir. Hazırda döyüş növləri ilə onlarla yeniyetmə qız məşğul olur. Röya da onlardan biridir və onun gələcəkdə yaxşı bir döyüşçü olacağına şübhəm yoxdur. Kikboksinq üzrə Azərbaycan çempionu Röya Abdullayeva isə deyir: “Gənc istedadların xüsusi təqaüdünə layiq görülməyim və adımın Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması mənim idman sahəsində kiçik işimə verilən yüksək qiymətdir. Bu etimad məni sevindirdiyi qədər məsuliyyətimi də artırır. Bundan sonra da hər zaman birinci olmaq üçün çox çalışacaq, daha böyük uğurlar qazanacağam”. Onu da qeyd edək ki, bütün bu uğurlar Röyanı çox həvəsləndirib. İndi o, idmanla daha ciddi məşğul olur. Çünki qarşıda onu daha məsuliyyətli, böyük yarışlar gözləyir. Məşqçi-müəllim Xəyal Abdullayev yetirməsinin bundan sonrakı döyüşlərdə də qalib gələcəyinə inanır. Ən böyük inam isə Röyanın özünə məxsusdur. O, məşqlərini ara vermədən davam etdirir. İnanır ki, bundan sonra da muxtar respublikamızın idman şərəfini ləyaqətlə qoruyacaqdır. İnanırıq ki, Röya Abdullayeva Ali Məclis Sədrinin ona göstərdiyi bu böyük etimadı yeni-yeni uğurlar qazanaraq bundan sonra da doğruldacaqdır. Çünki bu gün Naxçıvanda yaradılan idman infrastrukturu, idmanın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir. Qalır yaradılan bu şəraitdən düzgün istifadə edərək qazanılan uğurlara yenilərini əlavə etmək. Bu yolda Röyaya və onun kimi bütün istedadlı gənclərə yeni-yeni uğurlar arzulayırıq.
Qafar QƏRİB “Nuh yurdu” qəzetinin redaktoru
Qafar QƏRİB “Nuh yurdu” qəzetinin redaktoru