Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva qəbul imtahanında I ixtisas qrupu üzrə 400 bal toplayaraq muxtar respublika birincisi olub. Bu münasibətlə Nərmin Vəliyeva ilə təhsil aldığı məktəbdə görüş keçirilib. Görüşdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Nərminin Vəliyevanın valideynləri də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respubikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün dövlətimiz tərəfindən ümumtəhsil məktəblərinin maddi-tədris bazası ildən–ilə möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün ən ucqar kəndlərdə belə müasir məktəb binaları inşa olunaraq məktəblilərin ixtiyarına verilir. Qeyd olunub ki, Şərur rayonunda da 54 ümumtəhsil məktəbindən 51-də müasir tədris şəraiti yaradılıb, hazırda Vərməziyar, Alışar və Həmzəli kəndlərindəki məktəb binalarında tikinti işləri davam etdirilir. Bildirilib ki, rayonun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti artıq öz nəticələrini verir, rayonda tədrisin səviyyəsi ildən- ilə yüksəlir. Diqqətə çatdırılıb ki, Nərmin Vəliyevanın təhsil aldığı 2 nömrəli tam orta məktəb də 2017-ci ildə istifadəyə verilib. Dörd mərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla 50 sinif otağı, 2 müəllimlər otağı, 2 şahmat otağı, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və mini futbol meydançası şagirdlərin istifadəsinə verilib, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə yeni avadanlıqlar və əyani tədris vasitələri ilə təchiz edilib. Məktəbin zəngin kitabxanasında 20 minə yaxın müxtəlif ədəbiyyat toplanıb. Məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının, 4-ü isə Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi adına layiq görülüb.Təhsil naziri bildirib ki, məktəbdə yaradılan yüksək tədris şəraiti, tədrisin düzgün qurulması, ciddi nizam-intizam və tələbkarlıq şagirdlərin yüksək nailiyyətər əldə etməsinə şərait yaradıb. Son 5 ildə məktəbin ali və orta ixtisas məktəblərinə qəbul səviyyəsi 80 faizə yaxın olub. 2021-2022-ci tədris ilində də məktəbin məzununlarıdan, 11-i 500-700 intervalında bal toplayıb. Onlardan 2-si qızıl, 1-i gümüş, 5-i isə fərqlənmə attestatı alıb.
Qeyd olunub ki, məktəbin məzunu Nərmin Vəliyevada qəbul imtahanlarında I ixtisas qrupu üzrə 400 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticəni göstərərək muxtar respublika birincisi olub. Bildirilib ki, Nərmin Vəliyeva buraxılış imtahanlarında da ən yüksək nəticə göstərərək ana dili fənnindən 100, Riyaziyyat fənnindən 97, Xarici dil fənnindən isə 95 olmaqla ümumilikdə 292 bal toplayaraq,ümumiliksə 692 balla muxtar respublika birincisi olub.
Təhsil naziri Nərmin Vəliyevanı yüksək nəticə göstərməsi münasibəti ilə təbrik edib, məktəbdə tədrisin yüksək səviyyədə təşkilinə görə kollektivə təşəkkürünü bildirib.
Tədbirdə Şərur Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, məktəbin direktoru Sevil Hacıyeva, əməkdar müəlim Əminə Ələsgərova, müəllimlərdən Şəhla Vəliyeva yaradılan müasir tədris şəraiti, və onların əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarını bildiriblər.
Nərmin Vəliyeva da ona göstərilən diqqətə və qayğıya görə dövlətimizə minnətdarrlıq edib, bundan sonrakı təhsil həyatında yüksək nailiyyətlər əldə edəcəyinə söz verib.
Qəbul imtahanlarında yüksək nəticə əldə etdiyinə görə Nərmin Vəliyevaya Təhsil Nazirliyinin diplomu və pul mükafatı, tədrisin düzgün təşkili və şagirdlərin yüksək nailiyyətər əldə etməsinə görə məktəbə Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim olunub.