Muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli vətənpərvər kimi yetişmələrinə ən layiqli töhfəsini verməkdədir. Muxtar respublikada istedadlı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmləndirmək üçün bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədilə olimpiadaların təşkil edilməsi məktəblilər arasında sağlam rəqabətin və bunun sayəsində daha da yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində qədim diyarımızda müasir təhsil infrastrukturu yaradılıb. Belə ki, muxtar respublikada orta, orta ixtisas və ali təhsil, eləcə də elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin madditexniki bazaları gücləndirilib. Daha dəqiq desək, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün həmin məktəblərdə, ali təhsil müəssisələrində zəngin dərslik və bədii ədəbiyyat olan kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarındadır. Yaradılan müasir təhsil mühitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərirlər. Builki qəbul imtahanlarında I ixtisas qrupu üzrə 691 bal toplayan muxtar respublika birincisi, Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin məzunu Nərmin Vəliyeva onlardan biridir. Nərminin dediklərindən: – Uğur qazanmaq üçün qarşına məqsəd qoymalı və bu məqsədə çatmaq üçün çox çalışmalısan. Mən də belə etdim, çox çalışdım və istəyimə nail oldum. Təhsilimi davam etdirmək üçün əvvəlcədən qəbul olmaq istədiyim Bakı Ali Neft Məktəbini seçəcəyəm. Gələcəkdə burada ali təhsil ala bilmək üçün çox çalışmağın gərəkliyini bilirdim. Ona görə də vaxtlı-vaxtında dərslərimi oxudum. Hər gün 6-7 saat dərslərimlə məşğul olurdum. İlk sınağımda nəticəm yüksək olsa da, məni tam qane etməmişdi. Ona görə də düşünürdüm ki, hələ kifayət qədər zəhmət çəkməmişəm. Dərslərimə daha çox vaxt ayırmağa başladım və arzuladığım yüksək nəticəni əldə edə bildim. İstedadla yanaşı, əziyyət çəkməyin, səbirli, iradəli və yalnız məqsədə doğru irəliləməyin vacib olduğunu öncədən bilirdim. Müəllimlərimin və valideynlərimin mənə göstərdiyi diqqət və qayğını heç vaxt unutmayacağam. Onu da qeyd edək ki, Nərmin məktəbdə keçirilən bütün bilik yarışlarında və tədbirlərdə fəallığı ilə seçilib, dəfələrlə olimpiadalarda iştirak edib və mükafatlara layiq görülüb. Ümumi orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Eyni zamanda tam orta təhsilini xüsusi nümunəli attestatla bitirməklə “Qızıl” nişana layiq görülüb. Nərmin deyir ki, qarşıdakı hədəfim yüksəkixtisaslı kadr kimi yetişmək, işimin peşəkarı və hər zaman ehtiyac duyulan mütəxəssis olmaq, oxuduğum təhsil ocağının adını daim yüksəkdə tutmaqdır. İnanıram ki, arzuladığım ali məktəbdə təhsil alarkən də mənə göstərilən etimadı doğruldacağam. Avqust ayının 4-də Şərur şəhərindəki 2 nömrəli məktəbdə böyük sevinc yaşandı. Nərminin qazandığı uğur münasibətilə tədris müəssisəsində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri yüksək müvəffəqiyyətə nail olmuş Nərmini və pedaqoji kollektivi təbrik etdi. Muxtar respublika birincisinə diplom, pul mükafatı və məktəbə təşəkkürnamə təqdim olundu. Həmin tədbirdə iştirak edənlərlə görüşdük, onların ürək sözlərini dinlədik. Nərminin atası Məhərrəm Vəliyev: – Hər bir valideynin arzularından biri də övladının təhsil alması və cəmiyyətdə layiqli yer tutmasıdır. Bizim övladımıza verəcəyimiz ən böyük xəzinə, miras təhsildir. Çünki bu xəzinə bitməktükənmək bilməyən yeganə var-dövlətdir. Valideyn övladının ali təhsil alması üçün daim çalışır, zəhmət çəkir və onu gələcəkdə bir sənətə, peşəyə yiyələnən biri kimi görməyi arzulayır. Düşünürəm ki, övladlarımız bizdən daha şanslıdırlar, çünki onlar bu gün öz gəncliyinə qiymət verən bir dövlətin, müstəqil Azərbaycanın yaşadıcılarıdır. Mən bütün valideynlər adından övladlarımıza yaxşı təhsil almaları üçün hər cür şərait yaradan Ali Məclis Sədrinə minnətdarlığımı bildirirəm. Nərminin fizika müəllimi GünelAbbasova deyir ki, Nərmin bütün müsbət xüsusiyyətlərə malik olan, intellekt və istedadı ilə seçilən şagirdlərimizdəndir. Bir müəllimi kimi demək istəyirəm ki, qazandığı bu uğur onun öz ağlı, savadı, dünyagörüşünün nəticəsidir. Nərmin kimi bir şagirdə dərs demək və bu uğurlarını görmək biz müəllimlər üçün qürurvericidir. Biz də onlara göstərilən etimadı doğruldan hər bir abituriyentə, zəhmət və fədakarlıqla qazandığı tələbə adına layiq olan gəncliyimizə daha böyük uğurlar arzulayırıq.
Aytac CƏFƏRLİ