Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə noyabrın 1-də şəhər və rayon Təhsil şöbələrinin və təhsil müəssisələrinin “Şagird-məzun” informasiya sisteminin əlaqələndiriciləri üçün seminar keçirilib. Seminarda regional Bölmənin rəhbəri Sabir Məmmədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verdi. Bildirildi ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.Qeyd edildi ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır.
Nəzarətçilər bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Belə ki, bu sistem vasitəsilə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır. “Şagird-məzun” informasiya sistemləri məlumat bazasında şəhər və rayon Təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, əlaqələndiriciləri və şagirdləri haqqında məlumatlar öz əksini tapıb. Sonra nazirliyin sektor müdiri Məmməd Bayramov seminar iştirakçılarına 2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi, yekun qiymətləndirmənin aparılması, buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah etdi. Sonra “Şagird-məzun”informasiya sistemində yaradılmış yeni imkanlar və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları ilə bağlı müzakirələr aparıldı və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Seminarın sonunda “Şagird-məzun” informasiya sistemi ilə bağlı istifadəçi təlimatı seminar iştirakçılarına təqdim edildi.