Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Aparıcılar tərəfindən dövlət bayrağı günü haqqında məlumat verilərək bildirilib ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə üçrəngli bayrağımıza böyük sevgi ilə yanaşılması ulu öndər Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə - 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam müqəddəs bayrağımıza, tarixi keçmişimizə göstərilən diqqətin davamı kimi təqdirolunasıdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzalanan Sərəncam və sərəncama uyğun olaraq Naxçıvan şəhərində yaradılan və 2014-cü ildə Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə -noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasiminin keçirilməsi ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin böyük təzahürüdür.
Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurur, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Bu gün Naxçıvanda dalğalanan üçrəngli bayrağımız düşmənə gözdağıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli sessiyasında bayrağın qəbul edilməsi ilə əlaqədar slayd, dərnək üzvləri tərəfindən bayraqla bağlı hazırlanmış slayd nümayiş etdirilmiş, dərnək üzvləri tərəfindən bayrağa həsr olunmuş şeirlər bədii qiraət edilmişdir. Bununla yanaşı tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çıçəklər” mahnı və rəqs ansamblının üzvlərinin ifa etdikləri mahnılar və milli rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda daha fəal dərnək üzvlərinə diplom və “Oxunması zəruri olan kitablar” hədiyyə olunmuşdur.