Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə - psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları başlayıb.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, 107 vakant vəzifənin tutulması üçün müsabiqəyə müraciət etmiş 325 namizəd biliklərini yoxlayacaq. Vakansiyalar üzrə ən çox müraciət edən namizədlər uşaq birliyi təşkilatının rəhbəri (129), kitabxana müdiri (72) və psixoloq (44) vəzifələri üzrə olub. Bu sahədə ön sırada Naxçıvan şəhəri (112), Babək (71) və Şərur (57) rayonları dayanır. Hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək nəticə göstərmiş şəxs müvafiq vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, tərbiyəçi, psiхоlоq, uşaq birliyi təşkilatının rəhbəri, laborant, kitabxana müdiri, kitabхanaçı vəzifələrinə işə qəbul üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Test imtahanları oktyabrın 21-nə qədər davam edəcək.