2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 330-u tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Babək rayonunda da məktəblərin infrastrukturu yaxşılaşmış, məktəblər müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunmuşdur. Bu da ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlər qazanmasına geniş imkanlar yaradıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrində yaradılan şərait, həmçinin məktəblərdə mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmişdir. Bu qayğının nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi 2021-2022-ci tədris ilinin də yekunları uğurlu olmuş, imtahanlarda iştirak edən məzunlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, 6 məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri qeyd etmişdir ki, Babək Rayon Təhsil Şöbəsinin tabeliyində 2 ümumi, 34 tam orta, 5 məktəbdənkənar və 1 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 643 sinifdə 9608 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 1236 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 879 kompüter və 105 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 87 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 110 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Babək rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 111-i müəllim kimi fəaliyyətə başlamış, 31-i isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Babək rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. 2021-2022-ci tədris ili üzrə də Babək rayon ümumtəhsil məktəblərinin məzunlarının 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 330-u ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş, 49-u 500-700 arası nəticə göstərmişdir. 2 məzun qızıl nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür.
14 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Qeyd olunmuşdur ki, Babək rayonunda fəaliyyət göstərən məktəblərdən 11-i qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir. Zeynəddin kənd tam orta məktəbinin məzunu Fuad Məmiyev isə həm Prezident təqaüdçüsü, həm də muxtar respublikada IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən məzun olmuşdur.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulamış, bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Babək şəhər 2 nömrəli, Cəhri qəsəbə 1 nömrəli, Çeşməbasar, Nəhəcir, Göynük, Yuxarı Buzqov, Kültəpə, Naxışnərgiz, Xəlilli, Məmmədrza Dizə, Kərimbəyli və Zeynəddin kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.