2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 107-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Kəngərli rayonunda da məktəblərin infrastrukturu yaxşılaşmış, məktəblər müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunmuşdur. Bu da ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlər qazanmasına geniş imkanlar yaradıb. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrində yaradılan şərait, həmçinin məktəblərdə mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmişdir. Bu qayğının nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi 2021-2022-ci tədris ilinin də yekunları uğurlu olmuş, imtahanlarda iştirak edən məzunlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, 6 məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri qeyd etmişdir ki, Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində 12 tam orta, 3 məktəbdənkənar və 1 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 254 sinifdə 3805 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 460 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 400 kompüter və 41 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 44 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 45 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Kəngərli rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 66-sı müəllim kimi fəaliyyətə başlamış, 11-i isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Kəngərli rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. 2021-2022-ci tədris ili üzrə də Kəngərli rayon ümumtəhsil məktəblərinin məzunlarının 86 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 107-si, yaxud 77 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş, 11-i 500-700 arası nəticə göstərmişdir. 2 məzun qızıl nişana, 4 məzun fərqlənmə attestatına layiq görülmüş, 17 şagird isə 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Kəngərli rayonunda fəaliyyət göstərən məktəblərdən 5-i qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir. Yurdçu kənd tam orta məktəbinin məzunu Turac Mehdiyeva isə Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulamış, bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Kəngərli rayon Qıvraq qəsəbə, Qarabağlar kənd 1 nömrəli, Şahtaxtı, Qabıllı, Yurdçu kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.