Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılıb, Zəfər Parkı salınıb.
Noyabrın 5-də - Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində Zəfər Abidəsi istifadəyə verilib, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəhidlərimizin əziz xatirəsini yad edib, şəhid ailələrinə və qazilərə ehtiramını bildirib, yeni mənzillərində rahat həyat arzulayıb. Həmçinin Ali Məclisin Sədri Zəfər Günü və Naxçıvan şəhərində Zəfər Abidəsinin istifadəyə verilməsi münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və veteranları, muxtar respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik edib.
Sonra Ali Məclisin Sədri 2 şəhid ailəsi və 4 qaziyə mənzillərin orderlərini, 5 qaziyə isə avtomobillərin açarlarını təqdim edib.
Şəhid anaları Yəmən Abbasova və Aytən Eyvazova, qazilərdən Əmrah Məmmədov, Rza Əlirzayev, Fərdi Cəlilov, Fərdi Məmmədov, Mirkənan Kərimov və Azər Rüstəmli mənzillər və avtomobillərlə təmin olunmalarını onlara göstərilən qayğı kimi dəyərləndirib, dövlətimizə minnətdarlıq ediblər.
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.
Sonra Zəfər Abidəsinə və parka baxış olub.
Məlumat verilib ki, Zəfər abidəsində dövlət bayrağının elementlərindən istifadə olunub. Abidənin plan quruluşu 8 guşəli ulduz və ayparadan ibarətdir. 12,5 metr yüksəkliyi olan abidə böyük Zəfərin ifadəsidir. Abidənin ətrafında park salınıb, ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.